Xarici ölkələrin bütün ali təhsil və elm müəssisələrində magistratura və doktorantura səviyyəsində də təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına hərbi xidmətdən möhlət hüququ verilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əlavələr təklif edilir. Azərbaycan prezidentinin təklif etdiyi layihəyə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
Maddənin hazırda qüvvədə olan variantına görə, hərbi xidmətə çağırışdan möhlət hüququ, xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada təhsil alanlara müvafiq təhsilini bitirənədək verilir. Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq./atv.az
7News.Az








