Bakı Apellyasiya Məhkəməsində hərbi xidmətdən yayınmaqda ittiham olunaraq həbs edilən Bəxtiyar Gülməmmədovun şikayətinə baxılıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda B.Gülməmmədovun vəkili çıxış edib.
Tankçı olan Bəxtiyar Gülməmmədov Abşeron rayonunda yerləşən hərbi hissələrdən birində müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 333.3-cü maddəsi (Zabit heyətindən olan şəxsin xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.
Vəkil bildirib ki, B.Gülməmmədovla müqavilə imzalandıqdan sonra ona yaşaması üçün ev verilməyib: “Bəxtiyar hər gün səhər 6-da şəhərdən çıxıb Güzdəkə işə gedib-gəlirmiş. Bir müddət sonra görüb ki, buna ev verilmir. Bölük komandiri baş leytenant Elşən Bağırova müraciət edərək şərtlərə əməl etmədikləri üçün müqaviləyə xitam verilməsini istəyib. Bu da uzun müddət yubadılıb. Sonra da Bəxtiyara deyiblər ki, sən təxris olunmusan, qərarın verilib, bir neçə gün sonra rəsmi sənədi alıb gedərsən. O da bundan sonra hərbi hissəyə 3-4 gündən bir getməyə başlayıb. Hətta bir dəfə orda olanda xahiş ediblər ki, tankın motorunu düzəltsin, o da kömək edib. Bir gün də onu hərbi hissəyə çağırıblar və orda da həbs ediblər. Halbuki ondan öncə Bəxtiyarı aldadıb deyiblər ki, sən tərxis olunmusan”.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 5-də davam etdiriləcək./qafqazinfo
7News.Az








