İlk dəfə parta arxasında əyləşib, ilk dəfə müəllim görüb, ilk hərf öyrənmək birincilər üçün nə qədər çətin və maraqlıdırsa, bütün elmlərə aparan yolların açarının əldə olunmasını bayram etmək onlar üçün bir o qədər sevincli, bir o qədər yaddaqalandır. 

Birincilərin "Əlifba bayramı" hər il may ayında baş tutur. Bu bayrama onlar xüsusi hazırlıq görür, hərflərə, sözlərə aid şeirlər əzbərləyir, səhnəçikləri məşq edirlər. Beləliklə, məktəblilərin hazırlaşdıqları o gün gəlib artıq. Bakı məktəblərində artıq silsiləvi xarakter daşıyan "Əlifba Bayram"ı qeyd olunmağa başlayıb. Bütün müəllimlər, valideynlər, qonaqlar da birincilərin sevincinə və onların 32 hərfi öyrənmələrini bayram etmələrinə şərik çıxırlar.

"Qaynar" oxucularına Nərimanov rayonunda yerləşən "Ankara Məktəbi" məktəb-liseyinin "1A" sinfini bitirən şagirdlərin "Əlifba bayramı"ndan hazırladığı fotosessiyanı təqdim edir. Fotolar Ramil Aslanova məxsusdur.