Azərbaycan ictimai fikir və dövlətçilik tarixində hər zaman görkəmli şəxsiyyətlər olmuşdur. Xüsusilə xalqımızın dövlətçilik və hərb tarixi şanlı səhifələrlə zəngindir. Çox əsrlik tariximizin müxtəlif dönəmlərində dövlətin başında durmuş şəxsiyyətlər öz xarakterlərinə, siyasi və diplomatik bacarıqlarına və fəaliyyətlərinə görə özünəməxsusluqları ilə fərqlənmiş və elə bu keyfiyyətləri ilə də Azərbaycan tarixinə daxil olmuşlar. Tariximizin qırx ildən çox bir dövrü Azərbaycan xalqının Böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır.Və bu gün heç kəsə sirr deyil ki, Azərbaycan tarixində dövlət başçıları sırasında Heydər Əliyev qədər ümumxalq sevgisi qazanan ikinci bir dövlət xadimi tapmaq çətindir. Heydər Əliyev Azərbaycanın bütün tarixində milli dövlətçiliyimizin və milli varlığımızın qorunmasında misilsiz xidmətlər göstərmiş və elə bu xidmətlərə görə də xalq arasında böyük hörmət və nüfuz, ümumxalq sevgisi qazanmış, həmçinin öz fəhmi, istedadı, qətiyyəti, iradəsi, müdrikliyi, əzmkarlığı ilə dünya çapında öz səhifəsini yazmış nadir bir şəxsiyətdir. Heydər Əliyevin fiziki yoxluğndan iyirmi il ötür, lakin zaman etibarı ilə bizdən nə qədər uzaqlaşırsa o qədər nəhəng, o qədər möhtəşəm görünür. Heydər Əliyev hələ sağlığında əfsanələşmişdi. Azərbaycanda hakimiyyətdə olduğu birinci dönəmdə öz fəaliyyəti ilə çox qısa müddətdə böyük nüfuz qazandığı üçün xalq onun haqqında əfsanələr danışırdı. Lap nağıllardakı kimi. Gah deyirdilər ki, O, tərki-libas olub xalq arasında gəzir, gah deyirdilər ki, tanınmaz qiyafədə istədiyi vaxt hər yerdə görünə bilir. Təbii ki, bu söhbətlərin hamısı Heydər Əliyevə məhəbbətdən, sevgidən və həm də onun fəaliyyətinə xalq tərəfindən verilən yüksək dəyərdən qaynaqlanırdı.
Zaman keçir, lakin Heydər Əliyev unudulmur, əksinə onun fəaliyyətinin ayrı-ayrı anları, məqamları, çalarları əhalinin geniş kütləsinin diqqətinə çatdırıldıqca, Ümumilli liderimin parlaq obrazı daha aydın şəkildə görünür və insanların bu böyük şəxsiyyətə olan sevgi və məhəbbəti daha da çoxalır, insanların qəlbində əbədiləşir. Həm də təkcə onun dövründə yaşamış insanların, müasirlərinin qəlbində yox, onun əməllərindən bəhrələnən indiki nəslin qəlblərində də yer alır, yaşayır və gələcək nəsillərə ötürülür və nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır.
Müasir müstəqil Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz parlaq səhifəsini yazmamış olsun. Elə buna görədir ki, Azərbaycan xalqının yaradıcı insanları, şairləri, yazıçıları, rəssamları, heykəltəraşları, bəstəkarları, elm adamları, incəsənətin bütün nümayəndələri özlərinin ən şah əsərlərini Heydər Əliyevə həsr etmiş və onun adına layiq möhtəşəm sənəd inciləri yaratmışlar. Ona həsr edilmiş cild-cild kitablar nəşr edilmişdir. Bir vaxtlar səfər etdiyi rayonlarda, kənd və qəsəbələrdə çıxış etdiyi meydanlarda, əhali ilə keçirdiyi görüşlərdə indi onun abidəsi ucaldılmışdır. Lakin bu sevgi tükənmir. Yeni-yeni nəsillər yaranır. Yeni nəsillər yarandıqca onların istedadlı nümayəndələri də Heydər Əliyevin yeni-yeni obrazını yaradırlar.
Dünyanın məşhur dövlət, elm və mədəniyyət xadimləri, sənət adamları Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzu, dünyada sülhə verdiyi töhfələri, Azərbaycan xalqı ilə dünya xalqları arasında dostluq əlaqələrinin qurulmasını, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında, Azərbaycan dövlətinin ayrı-ayrı dövlətlərlə qarşılıqlı dostluq münasibətlərinin qurulmasında rolunu, xidmətlərini qeyd etmiş, onu dünya səviyyəli bir siyasətçi, dövlət adamı olduğunu dəfələrlə vurğulamışlar. Elə bu səbəbdəndir ki, bu gün dünyanın bir çox ölkələrinin mərkəzi şəhərlərinin küçələrini, meydan, park və xiyabanlarını Heydər Əliyevin adı və abidələri bəzəyir.
Poeziyamızın Peyğəmbəri hesab edilən şeyx Nizami deyirdi:
Xidmət etmək işidir kişilikdən nişana, Xalqına xidmət etmək bir şərəfdir insana.
Ulu öndərimiz də elə peyğəmbərcəsinə deyirdi. "Mənim həyatımın mənası xalqıma xidmət etməkdən ibarətdir”.
O harda oldusa, hansı vəzifədə çalışdısa həyatının mənasını xalqa xidmət etməkdə gördü. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər vəzifəsinə təyin edilərkən Azərbaycan çox acınacaqlı durumda idi. Keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərinə görə sonuncu yerlərdə qərar tuturdu. Azərbaycanlı deyilən millət SSRİ miqyasında demək olar ki, tanınmırdı. Hətta o zamankı dövrdə Azərbaycanı Ermənistan və Gürcüstan arasında bölüşdürmək barədə fikirlər də olmuşdu. Lakin Heydər Əliyevin gəlişi ilə hər şey dəyişdi. Onun fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan bütün göstəriciləri ilə ölkədə ön cərgəyə çıxdı, 10 il dalbadal keçmiş SSRİ-nin ən yüksək mükafatına "Keçici Qırmızı Bayrağa” layiq görüldü.
Azərbaycan aqrar respublikadan aqrar-sənaye respublikasına çevirdi, sənayenin kimya, maşınqayırma, elektrotxnika sahələri üzrə güclü sənaye kompleksləri yaratdı.Əslində Ulu öndər müdrik uzaqgörənliklə o illərdə yaranmış tarixi situasiyalardan məharətlə istifadə etməklə gələcək müstəqil Azərbaycanın təməlini qoyurdu və müstəqillik illərində tarix Ulu öndərimizin nə qədər uzaq görən şəxsiyyət olduğunu sübut etdi.
Eyni zamanda Ümumilli lider milli ruhun oyanışını təmin etdi. Milli yaddaşı bərpa etdi. Milli mənlik şüurunun, milli kimliyin dərk edilməsini təmin etdi. İndi həmin dövrdə yaşamış insanlar yaxşı xatırlayırlar ki, əslində Heydər Əliyev o illərdə hər bir Azərbaycanlının milli mənlik simvoluna çevrildi. O dövrdə bütün SSRİ məkanında azərbaycanlı deyiləndə Heydər Əliyev, Heydər Əliyev deyiləndə azərbaycanlı başa düşülürdü.
1991-ci ildə SSRİ bir imperiya kimi süqut etdikdən sonra, öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk illərində daha acınacaqlı hallarla üzləşdi.
Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, digər tərəfdən xarici himəyadarlarının təhriki və dəstəyi ilə ölkənin cənubunda və şimalında başlamış separatçılıq prosesləri, və ölkə daxilində hakimiyyət uğrunda mübarizə və ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olması Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı.
Bax belə bir şəraitdə Tanrı Heydər Əliyevi xilaskar missiyası ilə yenidən xalqa göndərdi. 1992-ci ilin ölkənin mütləq əksəriyyətinin fikrini ifadə edən görkəmli Azərbaycan ziyalılarının müraciəti əsasında Azərbaycanın düşmüş olduğu acınacaqlı vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda təssis edilən YAP tarixi zərurətdən yaranmışdı. Xalqın və dövlətin düşmüş olduğu son dərəcə kritik vəziyyətdən yeganə çıxış yolu bu idi.YAP-ın yaradılması, Ulu öndərin bir başa müəllifliyi və rəhbərliyi ilə hazırlanmış və qəbul edilən YAP-ın nizamnaməsi və proqramı əslində gələcəkdə o vaxtadək hələ konstitusiyası və inkişaf proqramı olmayan müstəqil respublikanın hüquqi əsaslarını, təməl prinsiplərini müəyyən edirdi.
1995-ci ildə Ulu öndərin bir başa təşəbbüsü, müəllifliyi və rəhbərliyi ilə işlənib hazırlanan və referendumda qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi əslinədə müstəqil Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə başlanan uğur yolunun başlanğıcı, zəfər səlnaməsinin ilk addımları idi.
Lakin bu yolun başanğıcı asan olmadı. Bu yol məhrumiyyətlər, çətinliklər, problemlər, xəyanətlər, sui-qəsd cəhdləri ilə müşayət olundu. Bununla belə Ulu öndəri öz düz yolundan, doğru yolundan, məsləkindən, xalqın nicat yolundan döndərmək mümkün deyildi. Karvan öz yolu ilə irəliləməkdə idi. Karvan başı DAHİ idi. Əqidəsindən, amalından, məqsədindən dönməyən, ünvanını, məqsədini, hədəfini aydın bilən, aydın görən, bu yolda bütün çətinliklərə məhrumiyyətlərə sinə gərməyi bacaran, hətta "lazım gəlsə canından belə keçməyə hazır olan” və özünə əmin olan DAHİ.
Ömrünün son 10 ilində 100 ilə sığışmayan işlər gördü. 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi. Hakimiyyətin 1-ci dövründə hazırladığı özül üzərində müasir, müstəqil Azərbaycan adlanan möhtəşəm bir dövlətin, möhtəşəm binasını kərpic-kərpic ucaltmağa başladı...
İndi Ona nə SSRİ höküməti, nə onun direktivləri, nə də yuxarıdan, aşağıdan təzyiqlər mane olurdu. Ulu öndər bütün istedadı, arzusu və istəyi ilə uzun illər arzuladığı müstəqil Azərbaycan adlanan bir dövləti qururdu. 2003-cü ilədək Ulu öndər təkcə Azərbaycanı qurmadı. O, eyni zamanda Azərbaycançılıq adlanan ideologiyanın əsaslarını müəyyənləşdirirdi. Hansı ki, bu ideologiyanın kökündə milli dövlətçilik, milli təkamül, milli-mənəvi dəyərlər, xalqın ən ali, ən uca ülvi hiss və duyğularını tərənnüm edən dəyərlərin ümumi ifadəsi durur.
Ümumilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də xalqın və dövlətin sabahı üçün varis yetişdirməsi idi. Bütün məsələlərdə olduğu kimi o bunu da məharətlə müəyyənləşdirdi. Ulu öndərin fiziki yoxluğundan ötən iyirmi ildə əldə olunan uğurlar Ümummilli liderin nə qədər uzaqgörən, müdrik və düzgün bir seçim etdiyini sübut etdi.
Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanı arxasında Ulu öndərin varisi, onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ulu öndərin "özü qədər inandığı” İlham Əliyev. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurlu davam etdirir.
Bu gün Azərbaycan dünya xəritəsində bir nöqtə olmasına baxmayaraq dünya hadisələrinin idarə olunmasında çox mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyinin 11-ci ilində 115 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bir müddət BMT Təhlükəsizlik Şurasına başçılıq etdi. Hazırda dövlətimizin başçısı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Qoşulmama Hərəkatına dalbadal ikinci dəfədir ki, uğurla sədrlik edir. Azərbaycan Çinin təşəbbüsü olduğu "Bir kəmər bir yol” layihəsinin üzvü olmaqla bu prosesdə fəal iştirak edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı olmaqla bu meqa layihənin reallaşdırılmasında aparıcı mövqeyə malikdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhvələr verməklə, Avropanın enerji xəritəsini yenidən çızır, bir sıra beynalxalq və regional layihələrin təşəbbüskarı və əsas icraçısı kimi çıxış edir.
Müasir Azərbaycanın memarı və qurucusu, ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda 2-ci dəfə hakimiyyətə gələndə Qarabağ problemini Azərbaycan dövlətinin bir nömrəli problemi elan etdi. Hakimiyyətdə olduğu 10 il ərzində o, bu ümümmilli problemin həlli üçün çox işlər gördü. Lakin mövcud reallıqlar və zaman ona, problemi həll etməyə imkan vermədi.Və Ümummilli lider 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciət edəndə əmin idi ki, onun axıra çatdıra bilmədiyi işləri, o cümlədən düyünə düşmüş Qarabağ problemini İlham Əliyev həll edəcəkdir.
...Azərbaycanın dövlətçilik və hərb tarixində öz adını tarixə şərəflə yazmış dövlət başçılarımız və sərkərdələrimiz çox olmuşdur. Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, tariximizin son yüzillikləri torpaqlarımızın itirilməsi ilə müşayət olunmuşdur...Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev nəhayət bu acı ənənəyə son qoydu. Lakin qələbəyə nail olmaq üçün hər gün bu qələbəyə doğru addım-addım irəlilədi.
Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağın qaytarılması, Şuşanın fəthi, ərazi bütölüyümüzün bərpasıdır. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər- əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, hallanacaq, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır. Bu tarix həm də ona görə əlamətdardır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Xalqı ”Bir millət, iki dövlət" olan qardaş Türkiyə, Türkiyə xalqı, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, tarixdə indiyədək misli olmayan birlik nümayiş etdirməklə, onların mənəvi və siyasi dəstəyi ilə birlikdə yazdılar. Və "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir vaxtlar Heydər Əliyevin görmək istədiyi güclü və qüdrətli bir Azərbaycan yaradıb və onu uğurla sabaha aparmaqdadır. Ramiz Göyüş
Yazıçı-publisist








