Paytaxtın Heydər Əliyev prospektində, “Böyük Şor” yol qovşağına doğru olan istiqamətdə əsas yoldan köməkçi yola keçid üçün nəzərdə tutulmuş xüsusi hissələrdə asfalt üzərinə işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
7News.Az xəbər verir ki, xüsusi siqnal dirəklərinin quraşdırılmasında məqsəd bəzi nizam-intizamsız sürücülərin köməkçi yoldan əsas yola çıxmasının qarşısını almaqdır.
Bu cür halların qarşısının alınması üçün həmin ərazilərdə xəbərdaredici yol nişanlarının quraşdırılmasına və yolun hərəkət hissəsinə xüsusi qabarıq yolcizgi xətlərinin çəkilməsinə baxmayaraq, yenə də bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq köməkçi yoldan əsas yola çıxmağa cəhd göstərirdilər. Nəticədə isə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olur, bununla da qəza şəraiti yaranırdı. Hazırda isə sözügedən xüsusi siqnal dirəklərinin quraşdırılması ilə problemin qarşısı tamamilə alınıb.
Qeyd olunub ki, işıq əksetdirici xüsusi siqnal dirəklərinin paytaxtın digər avtomobil yollarının zəruri olan hissələrində də quraşdırılır.
Bu cür siqnal dirəklərinin quraşdırılması xüsusən sutkanın qaranlıq vaxtlarında avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün vacib bir addımdır./qafqazinfo
7News.Az









