RU
Heydər Əliyev, Rəsulzadə və Mikayıl Müşviq...
15:58
1747

Heydər Əliyev, Rəsulzadə və Mikayıl Müşviq...

 

Düz bir həftə əvvəl İCMAL.az saytı olaraq "Heydər Əliyevə qarşı hörmətsizlik" başlıqlı məqalə vermişdik. Məqalədə Xırdalan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ağac və yaşıllıqların məhv edilməsindən, o cümlədən, H.Əliyevin posterinin dağıdılaraq götürülməsindən bəhs edilirdi. Və bütün bunları da fotofaktlarla birgə dərc etmişdik.

Düzü elə bilirdik ki, yazı böyük rezanans doğuracaq, aləm bir-birinə qatışacaq, amma...

Amma çox təəssüflər olsun ki, əlaqədar təşkilatlardan, yəni İcra hakimiyyəti, Ekologiya nazirliyi, FHN, nə də ki, məqalədə adı hallanan "Birlik 7" MTK-dan belə heç bir reaksiya olmadı.

İndi sual olunur: bəs hanı YAP-ın yerli şöbəsi, gənclər birliyi, hanı Heydər Əliyevin portretini başı üzərinə vurub ona sədaqətdən dəm vuran onlarla təşkilatlar, hanı "Prezident bizim dostumuzdur" deyib ev, medal, qrant, fəxri ad alan yüzlərlə jurnalist və QHT ordusu, niyə birinin səsi çıxmadı?

Ötən dəfə də yazmışdıq ki, bu cür hadisə Türkiyədə Atatürkə qarşı edilsəydi bütün cəmiyyət, mətbuat ayağa qalxıb daşı daş üstə qoymazdı. Bizdə isə hansısa "Birlik 7" adlı bir MTK belə hər hansısa açıqlama verməyi lazım bilmir. Bu nə saymamazlıq, bu nə özbaşınalıqdır? Yadıma hamının bildiyi, dəfələrlə TV-lərdə nümayiş olunmuş bir hadisə düşdü - Ensiklopediya ilə bağlı keçirilən iclasda Prezident İlham Əliyev İsmayıl Vəliyevi zaldan qovarkən dedi: "Hələ mən Prezidentəm sən bunları yazırsan, bəs sabah mən burda oturmasam nələr yazarsan?" Daha bir məqama toxunmaq istərdik. Xatırlayırsınızsa düz bir il əvvəl Mikayıl Müşviqin büstü təmirlə əlaqədar olaraq müvəqqəyi olaraq götülmüşdü, onda nə həngamə qopdu, mətbuat və televiziyalar ayağa qalxdı, ziyalılar bəyanat verdi, icra başçısına töhmət verildi və.s. Təxminən eyni proses də Gəncədə Rəsulzadənin büstünə təmirlə əlaqədar olaraq örtük salınanda baş vermişdi. Amma indi H.Əliyevin adını daşıyan park və prospekt açıq aşkar dağıdılır, posteri götürülür, amma bir nəfər belə səsini çıxarmır. Ağac kəsilməsi ilə bağlı cənab Prezident dəfələrlə xəbərdarlıq edib, ayrı-ayrı şəxslər hətta cəzalandırılıb da. Amma yenə də bəziləri hələ də bundan ibrət və nəticə çıxarmayıblar.

Onda belə çıxır ki, bu ölkədə sahibsiz bir nəfər var - o da Heydər Əliyevdi? Ruhu bizi bağışlasın. Amma biz bu işin sonunadək peşindəyik. Heydər Əliyevin şəxsiyyətinə, ruhuna qarşı hörmətsizlik edənlərlə mübarizəmiz sona qədər olacaqdır...

İCMAL.az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ