Ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş ADR dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı. Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli özünüdərk problemini siyasi müstəviyə qaldırmış Nəriman Nərimanov və başqaları millətimizi milli-mənəvi planda birləşdirə, milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşa bilmirdilər. Keçmiş SSR dönəmində isə vəziyyət daha acınacaqlı idi. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara qarşı ögey münasibət bəslənirdi.
Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən birdəfəlik sildi.
Ulu öndər Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb.
Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir.
Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Buna görə də, ötən illər ərzində diaspor quruculuğu Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilmiş və bu prosesə hərtərəfli dəstək verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor hərəkatının təşkilatlanma prosesində fəal müstəviyə qədəm qoyması və Azərbaycan həqiqətlərinin dünyada yayılması milli maraqlarımızın müdafiəsində müstəsna rol oynamaqdadır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən diaspor siyasəti Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində əldə olunmuş bütün nailiyyətləri qoruyub saxlayır və inkişaf etdirir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı üzərinə götürmüşdü. Məhz Heydər Əliyevin məhsuldar fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, ölkəmizin dövlət quruculuğu prosesində və Azərbayan həqiqətlərinin dünyaya yayılması işində yaxından iştirak etməyə başlamışlar.
Xüsusi olaraq qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyev diaspor hərəkatının əsasını ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi zaman qoymuşdu.
Ümummilli lider ilk addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədilə “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Gününün keçirilməsi haqqında” qərar qəbul etmişdi. Azərbaycan üçün çox mürəkkəb bir dövrdə belə cəsarətli bir qərar verməklə ulu öndər diaspor kimi mühüm hərəkatın özülünü qoymuşdu.
Belə bir vəziyyətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı.
Həmin ilin noyabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Qurultayda diaspora nümayəndələri ilə yanaşı, Azərbaycanın 130-dan çox dövlət və ictimai qurumlarından, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq iştirak etdi. Həmin tədbir bütün dünyada yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi baxımından mühüm addım idi.
Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
Belə bir qurumun yaradılması ideyası ümummilli liderin 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərmanı ilə reallaşmağa başladı.
Qurultayın keçirilməsindən bir neçə ay sonra - 27 dekabr 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq olunması dövlətin diaspor siyasətinin reallaşması istiqamətində atılan mühüm addımlarından idi. Qanun təsdiq edilməklə dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsi qoyuldu. "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi dövlət başçısının diasporumuza ümdə əhəmiyyət verməsinin bariz nümunəsidir. Qanunun qəbul olunması ilə Azərbaycan dövləti və Azərbaycan diasporu arasında olan bütün əlaqələr və fəaliyyət istiqamətləri müəyyən edildi. Bununla dövlətimiz Azərbaycan diasporu ilə olan əlaqələri nəzarətə götürdü.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması (indi Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) və müvafiq qanunun qəbul olunması ilə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya olunması işi öz həllini tapdı.
Bu hal, eyni zamanda, ölkəmizin xarici siyasətində uğurlar əldə etməsində də özünü göstərdi. Uğurlu xarici siyasətin həyata keçirilməsi dövlətçiliyin inkişafının təməl prinsiplərindən biri olduğuna görə, Azərbaycan bu amilə xüsusi önəm verir.
Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin fəaliyyətində də özünü büruzə verir: "Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır". Bu sözləri Prezident İlham Əliyev Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib. Bu sözlər özlüyündə dövlətimizin xaricdə yaşayan soydaşlarımıza nə qədər önəm verməsinin bariz nümunəsidir.
"Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir", - deyə Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində bildirib. "Diaspor üzvləri də Azərbaycanın elçiləridir" ifadəsi dövlətin diaspor siyasətnə verdyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir.
Bu, Prezident İlham Əliyevin verdiyi qərarlarda da özünü göstərir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin qurumun əsasnaməsinin təsdiq olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir.
İndi Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlayıb. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini gücləndirirlər.
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan diasporunu hədəf seçən, onun nüfuzunu zədələməyə yönəlmiş, az qala bütün diaspor təşkilatlarını fəaliyyətsiz, səmərəsiz qurumlar kimi təqdim edən təşəbbüslərin çoxalması müşahidə edilməkdədir. Artıq sistemli xarakter almış bu tendensiya xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da ciddi narahatlıq doğurur. Azərbaycan demokratik, hüquqi və dünyəvi, söz və ifadə azadlığına ən yüksək səviyyədə şərait yaradan dövlətdir. Bu mənada mediamız da redaksiyaya daxil olan məlumatı dərhal dərc edərək cəmiyyətin informasiya qidasını təmin etməklə məşğuldur. Lakin bu məqamda strateji hədəflər, maraqlar ön plana çəkilməlidir. Mən öz növbəmdə media nümayəndələrini xaricdə ölkəmizi şərəflə təqdim etmək üçün əllərindən gələni edən həmyerlilərimizə dəstək olmağa çağırıram.
Çox təəssüflə qeyd etməliyik ki, əzəli düşmənimiz olan ermənilərin kifayət qədər güclü diaspor təşkilatları var. Bu gücün böyük bir qismi isə məhz erməni mediasının “fədakarlığından” qidalanır. Bəli, bütün sahələrdə olduğu kimi diasporla iş sahəsində də müyəyyən problem, çatışmamazlıqlar var. Lakin bunlar görünən və zaman-zaman öz həllini tapacaq problemlərdir. Acı həqiqətdir ki, bəzən media qurumları sırf hər hansı fərdi marağın ifadəçisinə çevrilərək milli maraqları tapdalamağa üstünlük verirlər.
Lakin biz bir şeyi unutmamalıyıq: AZƏRBAYCANDA DİASPOR SİYASƏTİNİN BANİSİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVDİR. SOSİAL STATUSUNDAN ASILI OLMAYARAQ HƏR BİR AZƏRBAYCANLI BU SİYASƏTƏ YALNIZ VƏ YALNIZ DƏSTƏK OLMALIDIR.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinə kölgə salmaq yolverilməzdir. Bu işdə QHT-lərin də üzərinə xüsusi məsuliyyət düşür. Hesab edirəm ki, diaspor siyasətinin daha effektiv həyata keçirilməsi üçün QHT-lər innovativ layihələr həyata keçirməlidirlər.
Səbuhi Abbasov
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri
7News.az saytının baş direktoru








