Rusiyanın silahlanmasında olan avtomatik cavab nüvə zərbəsini idarə edən
kompleks - "Perimetr” çətin ki, ABŞ-la qlobal münaqişə halında effektiv olacaq.
7News.Az xəbər verir ki, bu haqda nüvə arsenallarının ixtisarı haqqında ABŞ-la
danışıqlarda iştirak etmiş general-polkovnik, Raket strateji təyinatlı qüvvələrinin
Baş ştabının keçmiş müdiri (1994 - 1996) Viktor Yevsin "Ulduz” həftəliyinə
müsahibəsində bildirib.
"Perimetr” sistemi (Qərbi Avropa və ABŞ-da "Ölü əl” adlandırılır –red.)
"soyuq müharibə”nin qızğın çağında SSRİ-də yaradılmış avtomatik cavab
nüvə zərbəsinin idarə edilməsi kompleksidir. Generalın sözlərinə görə,
kompleks o vaxt işləyəcək ki, təcavüzkarın birinci zərbəsindən sonra cavab
zərbəsi üçün Rusiyanın əlində çox az vasitə qalacaq.
Ekspert əlavə edib ki, ABŞ Avropada orta mənzilli ballistik raketləri yerləşdirəcəyi
halda, Vaşinqton Rusiyanın Avropa hissəsindəki raket güclərini çox tez müddətdə
məhv etmək imkanını əldə edəcək. Lakin, general hesab edir ki, Moskva qısa müddətə
orta mənzilli raketlərinin buraxılışını qaydaya sala bilər.
"Amma, əgər səmimi olsaq, bizdə hələ ki Avropada orta mənzilli Amerika raketlərinə
effektiv cavab yoxdur. Əgər amerikalılar Avropada yenə də orta mənzilli raketlərini
yerləşdirərsə, Moskvaya cavab zərbə doktrinasından imtina etməli olacaq”, - general
qeyd edib.
Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin
ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş
qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
Bu razılaşma Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail
Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Razılaşma
500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını,
həmçinin onların sınağını qadağan edir.









