Hindistanın Maharaştra ştatında 21 yaşlı Ançal Mamidvar adlı qız döyülərək öldürülən sevgilisi, 20 yaşlı Sakşam Teytaya "ərə gedib".
Bu barədə "NDTV" kanalı məlumat verib.
Məlumata görə, Mamidvar və Teyt fərqli kastalardan olublar, Hindistanda isə bu cür evliliklər qəbuledilməzdir. Lakin qızın ailəsi onların evlənmək qərarını qəbul etdiklərini bildirib. Bir müddət sonra gəlinin qohumları Teyt ilə danışmaq qərarına gəliblər və söhbət əsnasında dava düşüb.
Dava zamanı qızın ailə üzvlərindən biri oğlana atəş açıb, daha sonra keramik plitə ilə onun başına vurub. Sakşam yerindəcə həyatını itirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları davanın iştirakçılarını həbs ediblər və onlara qarşı qətl ittihamı irəli sürülüb.
Sevgilisinin ölümündən bir gün sonra Mamidvar onun ailəsinin evinə gedib və burada "evlilik" mərasimi keçirilib. Qız gəncin ailəsi ilə birlikdə yaşayacağını və qatillər üçün ən yüksək cəzanı tələb edəcəyini bildirib.











