"Qarabağın azad edilməsi və bu bölgənin Azərbaycana reinteqrasiyası ilə tarixdə yeni səhifə açılıb".
7NEWS.Az "anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Çikaqoda Türkiyə vətəndaşları ilə görüşündə deyib.
"İndi Qafqazda tamamilə fərqli proses həyata keçirilir və erməni diasporunun bütün arqumentlərini üzərində qurduğu bünövrə məhv olmaq ərəfəsindədir. Yəni Ermənistan-Türkiyə münaqişəsi və ya Qafqazdakı erməni-türk münaqişəsi sona yaxınlaşır. Qarabağın azad edilməsi və bu bölgənin Azərbaycana reinteqrasiyası ilə tarixdə yeni səhifə açılıb”, - İbrahim Kalın bildirib.
İbrahim Kalın deyib ki, Ermənistan-Türkiyə prosesi ABŞ-dakı erməni diasporunun arqumentlərini məhv edəcək. ABŞ-dakı erməni lobbisi antitürk təbliğatını öz şəxsi həyatlarının bir hissəsinə çevirdiklərini qeyd edən İbrahim Kalının sözlərinə görə, artıq Ankara və İrəvan münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atır. "Münasibətlərin normallaşmasından ən böyük faydanı Ermənistan görəcək. Türkiyə ilə münasibətlərin normallaşması dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayəsində olan Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan böyük töhfə verəcək”, - deyə Kalın bildirib.
7NEWS.Az








