İcra başçısının daha 4 qohumu isə yaralanıb
Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Yevlax rayon Polis Şöbəsindən 7News.az-a verilən məlumata görə, Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı ekspertizalar təyin edilib, araşdırmalar aparılır.
Qeyd edək ki, qəzada vəfat edən 27 yaşlı Orxan Mirzəyev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu olub. Onun atası Əvəzağa Mirzəyev isə Baş Dövlət Yol Polisi İdarəsinin zabitidir.
12 mart
Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb. 7News.az Yevlax rayon Polis Şöbəsinə istinadən xəbər verir ki, qəzada vəfat edən 27 yaşlı oğlan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu imiş. Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində baş vermiş qəzada yaralanan 4 nəfər isə artıq evə buraxılıb.
Bildirilir ki, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi avtomobil qəfil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində vəfat edib, onun yaxın qohumu olan 4 nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır, ekspertizalar təyin edilib.
10:37
Yevlax rayonunda ağır yol qəzası baş verib. 7News.az-ın məlumatına görə, saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.
Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.








