Xətai rayonu, Qaçaq Nəbi küçəsi 9 ünvanında, məhəllədaxili ərazidə yerləşən parkda şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulağın sökülməsi ilə bağlı mediada yayılan məlumatlar böyük rezonansa səbəb olub. Yayılan məlumatlarda qeyd olunur ki, ərazidə tikinti aparıldığı, yeni göydələn ucaldıldığı üçün şəhidin xatirə lövhəsi oradan götürülüb.
Rezonans doğuran bu məsələni araşırmaq üçün Cebhe.info Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Xətai rayon icra başçısının humanitar məsələlər üzrə müavini Pənah İmanov Cebhe.info-ya açıqlamasında yayılan bu məlumatın əsassız olduğunu bildirib:
"Bu, yanlış məlumatdır. Bəzi jurnalistlər havadan da söz düzəldirlər. Şəhidin rəhmətlik atası sağ olanda maraqlanan yox idi. Qardaşı İsaq sağdır, kim istəsə maraqlana bilər. Şəhidin adına bulaq tikilərək əbədiləşdirilib, üzərinə lövhə də qoyulub”. İcra hakimiyyətinin tikinti məsələləri üzrə məsul şəxsi Vadin Surxayev da Cebhe.info-ya açıqlamasında məlumatın yanlış olduğunu deyib: "Bəzi jurnalistlər məlumatı dəqiqləşdirmədən informasiyanı yayımlayır. Belə olmaz axı. Şəhidin xatirəsinə belə hörmətsiz yanaşmaq olmaz. İnanmırsız, gəlin çəkin, baxın. O şəhid göbələk olmayıb, yerdən çıxmayıb ki. Onun da bir yaxını, qohumu var. Əlaqə saxlayıb məlumatın nə dərəcədə düzgün olub-olmadığı dəqiqləşdirin”.
7News.az







