RU
İctimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılması vacibdir
10:36
970

İctimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılması vacibdir

İqtisadiyyat Nazirliyində QHT nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırığa uyğun olaraq, aprelin 6-da Bakı Biznes Mərkəzində QHT rəhbərləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə 20-dək iqtisadi sahədə fəaliyyət göstərən ictimai birlik rəhbəri iştirak edib.

İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov və Sahib Məmmədov Nazirliyin fəaliyyət istiqamətləri, görülən işlər və icra olunan layihələr, sahibkarlığın dəstəklənməsi tədbirləri, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib, İqtisadiyyat Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq etdiyini, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Qarşılıqlı dialoq formatında keçirilmiş tədbirdə "İctimai iştirakçılıq haqqında" Qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb, Nazirlikdə və onun strukturuna daxil olan qurumlarında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirildiyi qeyd edilib.

Görüşdə "İqtisadi inkişaf" Ekspert Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yaradıldığı bildirilib və Şuranın təkliflər hazırladığı istiqamətlər barədə məlumat verilib.

Görüşdə "İqtisadi inkişaf" Ekspert Şurasının üzvləri iqtisadi fəallığın artırılması, sahibkarlığın və biznes mühitinin inkişafı, istehlakçı hüquqlarının qorunması, ticarət qaydalarının təkmilləşdirilməsi, istehlak kreditləri, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə tədbirlərində ictimai birliklərin iştirakı və s. istiqamətlərdə təkliflər səsləndirib, müzakirələr aparılıb.

Müzakirələrdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafında, ictimai nəzarətin təşkilində QHT-lərin rolunun artırılmasının əhəmiyyəti vurğulanıb.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək bu cür görüşün ilk dəfə keçirildiyini, belə tədbirlərin ictimai təşkilatlarla dövlət orqanları arasında əlaqələrin inkişafında rolunu diqqətə çatdırıblar.

Tədbirdə ictimai birlik rəhbərlərinin sualları cavablandırılıb, səsləndirilən bir sıra təkliflərin daha ətraflı araşdırılması üçün görüşlərin davamlı olaraq keçirilməsi qərara alınıb./trend

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ