Söhbət, tarixin ən məşhur fırıldaqçılarından biri olan Viktor Lyustiqdən gedir.
1890-1947-ci illərdə yaşayan Viktor, ən böyük qazancını Eyfel qülləsinin satışından əldə edib. Parisə səfərə gələn bu şəxs, Eyfel qülləsinin təmirə bağlandığını öyrənir. Elə bu xəbərdən sonra gecə-gündüz düşünür daşınır, nəhayət böyük bir plan hazırlayır. Plana əsasən, saxta sənədlər düzəldən Viktor Lyustiq özünü bir neçə iş adamına Fransanın rabitə və teleqraf nazirinin müavini kimi təqdim edir. Hökumətin əslində Eyfel qülləsini təmir etmək yox, sökərək materiallarını auksionda satmaq isətdiyini deyən fırıldaqçı, yalanı sayəsində dünyanın ən çox ziyarət olunan abidələrindən birini- Eyfel qülləsini sökmək hüququnu iki iş adamına sata bilir. Aldadıldıqlarını biləndən sonra polisə müraciət edən həmin şəxslər, uzun müddət sürən axtarışlardan sonra, nəhayət Viktor Lyustiqin həbsinə nail olurlar.
Tarixin ən mahir fırıldaqçılarından biri də Kristofer Rokankurt olub. Özünü Bill Klintonun ən yaxın dostu, Rokfellerlər ailəsinin üzvü kimi təqdim edən bu şəxs, müxtəlif insanlardan milyonlarla dollar borc almağı bacarıb.Həmin pulları istədiyi kimi sağa-sola xərcləyən Kristoferin fırıldağı 2001-ci ildə ifşa olunub.
Siyahının növbəti fırıldaqçısı Ferdinand Demaradır. Heç orta təhsili belə olmayan bu şəxs, saxta sənədlərlə müxtəlif peşələrdə fəaliyyət göstərməyi bacarıb. Gah mühəndis, gah həbsxana rəisinin müavini, gah psixoloq, gah vəkil, gah da müəllim peşəsində özünü sınayan Ferdinand, bütün bunları pul qazanmaq üçün deyil, sadəcə bununla özünü xoşbəxt hiss edə bildiyi üçün etdiyini deyib./atv
7news.az








