RU
İki nəfəri zəhərləyib öldürən Astara sakininin şikayəti təmin edilmədi
17:42
384

İki nəfəri zəhərləyib öldürən Astara sakininin şikayəti təmin edilmədi

İndira ilə Aydın arasında narazılıq yaranıb.

Bakı Apellyasiya Məhkəməsində Astara sakini Aydın Qəhrəmanovun CM-nin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7News.Az xəbər verir ki, ittihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb, amma bu niyyətindən yoldaşının digər bacısı İndira xəbər tutub. Buna görə də İndira ilə Aydın arasında narazılıq yaranıb. Öz növbəsində Qəhrəmanov Aidədən bacısını evə buraxmamağı tələb edib. 

Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə və Aydınla dəfələrlə mübahisə edib. Nazilə Aydının barəsində Yasamal RPİ 29-cu polis bölməsinə müraciət edib. Bölmədə şikayət üzrə araşdırma aparılarkən Aydının münasibətləri Aidə ilə gərginləşib. Buna görə də o, bir neçə ay yoldaşından uzaqlaşıb, amma 2008-ci ildən onlar yenidən birlikdə yaşamağa başlayıblar.

Həmin il ərzində Qəhrəmanov Nazilə Yəhyayevanın evini ələ keçirmək məqsədilə Aidəni zəhərləyib, öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib, evə gətirib. Həmin dərmanı yuxugətirici kimi Aidəyə təqdim edən Aydın, onu həm arvadına, həm də qohumu Samirəyə içirdib.

Sonuncular zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər. Sentyabrın 7-də Samirə xəstəxanada ölüb, Aidənin vəziyyəti isə ağır-stabil qalıb. Bu vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus mənzili satıb. Göstərilən tibbi yardımlara baxmayaraq Aidə ayın 18-də vəfat edib.

Qeyd edək ki, hər iki epizodla bağlı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, 6 ilə yaxın davam edən istintaqın sonunda mərhumların intihar məqsədi ilə dərman içmədikləri məlum olub. İbtidai istintaq orqanı onların Aydın Qəhrəmanov tərəfindən zəhərlənməsi nəticəsinə gəlib və 2013-cü il avqustun 27-də o həbs edilib. 

İş üzrə həm istintaqda, həm də məhkəmə prosesində dindirilən Aydın Qəhrəmanov elan olunmuş ittihamla razılaşmayıb. Son söz deyən təqsirləndirilən şəxs çıxışında günahsız olduğunu və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Qəhrəmanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.  

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ