Sumqayıtda mənzil istismar sahəsində işləyən qadın dələduzluq əməlinə görə məhkəmə qarşısına çıxarılacaq.
7news.Az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 manat cərimə cəzasına məhkum edilən 44 yaşlı Hüseynova Afər İsa qızının məhkəməsi iyul ayının 3-də Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.
İttiham aktına görə, Hüseynova Afər İsa qızı tanışı Yusubova Sevinc Oqtay qızı ilə birləşərək İmanov Tahir Rəvan oğlunun xeyli miqdarda, yəni 8000 (səkkiz min) manat pulunu ələ keçiriblər. Belə ki, T.İmanov əvvəldən tanıdığı A. Hüseynovaya torpaq alaraq obyekt tikmək istədiyini bildirib. Afər Hüseynova isə S.Yusubova vasitə ilə Sumqayıt şəhəri, 47-ci məhəllə, 14 saylı evin arxasında yerləşən Sumqayıt Bələdiyyəsinə məxsus 20 (iyirmi) kvadrat metr torpaq sahəsini alıb T.İmanova verəcəyini vəd verib. Bu məqsədlə 2015-ci ildə ayrı-ayrı vaxtlarda Tahir İmanovdan 8000 (səkkiz min) manat məbləğində pulu ələ keçirib.
3 uşaq anası olan A. Hüseynova ifadəsində bildirib ki, Tahir İmanov qohumudur və 20 saylı MİS-də sahə ustası işləyib. Sevinclə birlikdə isə parfümeriya dükanında işləyərkən tanış olub. O, Sevincin həmişə telefonla yüksək vəzifəli şəxslərlə əlaqə saxladığının şahidi olub. Sevinc ona sənədləşmə və digər işlərdə tanışlarının olduğunu bildirib. Qadın özünü ona əlaqələri olan adam kimi tanıtdığından Sevincə müraciət edib soruşub ki, o, sənədləşmə işində Tahirə köməklik edə bilərmi? Torpağa baxandan sonra Sevinc sənədləşmə işində köməklik edə biləcəyini və bu iş üçün 8000 (səkkiz min) manat pul lazım olacağını bildirib. O, bu barədə Tahirə bildirəndə, Tahir onunla razılaşıb. Bir müddət sonra Sevinc ona deyib ki, sahənin ölçülməsi üçün 310 (üç yüz on) manat pul lazımdır. Afər də Tahirdən 310 (üç yüz on) manat pul alıb Sevincə verib. Memarlıqda işləyən "Hüseyn müəllim” həmin yerə baxış keçirdiyindən, yeri ölçdüyündən sonra onda Sevincə qarşı inam hissi yaranıb və pulu T.İmanovdan alıb iş yoldaşına verib.
Sumqayıt Məhkəməsinin hökmü ilə Sevinc Yusubova 3 (üç) il azadlıqdan məhrum edilib, Afər Hüseynovaya isə 5000 manat cərimə cəzası kəsilib.
Sumqayıt Apellyasiya Məhkəməsi isə S.Yusubovanın cəzasını 3 ildən 2 ilə endirib. A.Hüseynova barədə hökm isə dəyişilməz qalıb. A. Hüseynova onun barəsində cinayət məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün Ali Məhkəməyə müraciət edib.








