Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Cahid və Cavid Rəhimov qardaşlarını qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə hakim Mayıl Bayramov sədrlik edib.
Prosesdə şahid ifadələri dinlənilib. Daha sonra isə təqsirləndirilən Zaur Tərlanov ifadə verib. O, ifadəsində özünü təqsirkar bilmədiyini deyib.
Bundan sonra proses noyabrın 2-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il yanvarın 8-də baş vermişdi. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus "Lexus" avtomobilində odlu silahla qətlə yetirmişdi.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.
Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.
Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.
Z.Tərlanov bank işçisi olub. Qətlə yetirilən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər./virtualaz
7news.az








