“İki sahil” qəzeti ötən 25 ildə müstəqillik tariximizin güzgüsünə çevrilib."
Bunu “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
Həmin müsahibəni oxuculara təqdim edirik.
- Vüqar müəllim, baş redaktoru olduğunuz «İki sahil» qəzetinin bu yaxınlarda 25 yaşı tamam oldu.
- Bəli. Yaradıcı kollektiv, ziyalı, yazar üçün arxada qalan hər gün, ay, il özlüyündə bir yaradıcılıq hesabatıdır. Əsrin dörddə biri qədər yol qət etmək, gündəlik maraqlı yazılarla oxucuların görüşünə gəlmək, məqalələrin rəngarəngliyini qorumaq təbii ki, böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda şərəfdir. Bir ildə qəzetin 250-yə yaxın sayının işıq üzü gördüyünü nəzərə alıb, bunu 25 il üçün hesablasaq, eyni zamanda gündəlik 9 minə yaxın tirajla çıxdığını da unutmasaq, “İki sahil”in oxucu auditoriyası barədə aydın təsəvvür yaratmaq çətin deyil.
- 25 illik ömür yolu qəzet üçün böyük zaman kəsiyidir. Bu yolda hansı inkişaf dövrünü xatırlamaq istərdiniz?
- Əbəs yerə deyilmir ki, zaman hadisələrə, keçilən yola qiymət vermək baxımından ən böyük yaddaşdır. «İki sahil» qəzetinin ilk nömrəsinin çapdan çıxdığı vaxtdan-1991-ci il 10 iyul tarixindən bizi 25 illik zaman məsafəsi ayırır. Təbii ki, hər dövrün öz tələbi, bu tələbdən irəli gələn zərurəti mövcuddur. Onu da nəzərə alsaq ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamış, bu halda digər mətbu orqanlar kimi, «İki sahil»in də məzmun və forma baxmından təkmilləşməsində müəyyən dəyişikliklər mütləq idi. Qeyd edim ki, qəzet çoxtirajlı «Zavod həyatı»nın davamı kimi nəşrə başlayıb. Qəzetin ideyası, «İki sahil» adı ilə nəşrini davam etdirməsi özü üçün bir amal, şüar seçdiyi «Vahid Azərbaycan uğrunda!» devizindən də aydın görünür. «İki sahil»in ilk saylarında xalqımızın Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflı materiallar dərc olundu və bu yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan «İki sahil» sözsüz ki, ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmadı. Həmin dövrün reallıqlarına diqqət yetirdikdə bu tələbi sözün qüdrəti ilə doğrultmaq məsuliyyəti, bacarığı özünü qabarıq şəkildə büruzə verir. Bu o dövr idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. İctimai-siyasi durumun gərginliyi bütün sahələr kimi mətbuata da öz mənfi təsirini göstərirdi. İqtisadi tərəqqidən danışmaq qeyri-mümkün idi. İqtisadi tənəzzül qəzetin hər nömrəsində mütəxəssis araşdırmaları ilə geniş şəkildə təhlil edilir, ekspert rəyləri əsasında vəziyyətdən çıxış yolları ictimaiyyətə açıqlanırdı. Çətinliklərə baxmayaraq «İki sahil» mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də bu missiyasını uğurla icra edir. «Düzü - düz, əyrini - əyri yazmaq» prinsipini fəaliyyətinin önündə saxlayan «İki sahil» siyasət, iqtisadiyyatla yanaşı, mədəniyyət, incəsənət xəbərlərinə də geniş yer ayırdı. Dövlətçiliyimizə xidmət vəzifəsini uğurla yerinə yetirən «İki sahil» Azərbaycanın müstəqillik tarixinin güzgüsünə çevrildi. Dövlətimizin uğurlu siyasəti və bunun nəticəsində əldə olunan nailiyyətlər ölkə ictimaiyyətinə faktlar əsasında çatdırılır, cəmiyyətin informasiya tələbatının ödənilməsinə «İki sahil»in töhfələri günbəgün artır. Qəzetin hansı nömrəsinə diqqət yetirsəniz daim yeniləşməninin, təkmilləşmənin şahid olarsınız. Bu, ondan irəli gəlir ki, qəzetimiz yarandığı gündən peşəkar kollektivə malik olmuş, yazılan hər bir sözə dəyər verilmiş və onun məsuliyyətini daşımaq hissi qarşıya mühüm tələb kimi qoyulub.
Qeyd etdiyim kimi, «İki sahil» müstəqil Azərbaycanın hər bir dövrünün reallıqlarının həm güzgüsü, həm də carçısı olub. Müstəqilliyimizin ilk illərində Azərbaycanın hansı problemlərlə üzləşməsi, xalqın öz xilaskarını- dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırışı, bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı 91 nəfər ziyalının Ulu Öndərə müraciəti və bu müraciətə cavab «İki sahil»də geniş şəkildə dərc olundu, oxuculara çatdırıldı. O çətin illərdə Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda addımlayan «İki sahil» üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdyi kimi, azərbaycançılıq, milli məfkurə və təfəkkürə bağlılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır . Bir məqamı xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində «İki sahil» qəzetinin rolunu yüksək dəyərləndirmişdir: «O vaxt «İki sahil» qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin «İki sahil» qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.» Ulu öndər Heydər Əliyevin bizim üçün son dərəcə qiymətli olan bu fikirləri də təsdiqləyir ki, xalqa, dövlətçiliyə xidmət «İki sahil»in fəaliyyətinin ana xəttini təşkil edir.
«İki sahil» qəzeti bu gün SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, neft gəlirlərindən səmərəli istifadənin nəticəsi olaraq həyata keçirilən biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr, SOCAR-ın bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri, həmçinin ayrı-ayrı strukturlarının gördüyü işlər barədə qəzetimizin səhifələrində analitik yazılara geniş yer verilir, hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqinin fonunda digər sahələrdə əldə olunan uğurlar işıqlandırılır. Bu fikir də daim önə çəkilir ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul olunan Dövlət Proqramları ilə bağlı təhlili yazılar müsbət dəyərləndirilir.
«İki sahil»in keçdiyi 25 illik yola qısa baxış fonunda bu reallığı qeyd edə bilərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verilir. Bu texnologiyaların tətbiqi reallıqlarımızın təbliğində fərqlənən digər mətbu orqanlar kimi, «İki sahil»in simasında da özünü göstərir. Qəzetin internet saytı fəaliyyət göstərir. Daim yenilənən internet səhifəmizdə günün aktual məsələlərinin şərhləri, oxucunun informasiya tələbatını ödəyən xəbərlər yer alır. Onu da qeyd edək ki, artıq «İki sahil» İnternet Televiziyası da fəaliyyət göstərir. «İki sahil”çilərin məqsədi Azərbaycan reallıqlarının təbliğinə töhfə vermək, cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə ödəməkdir. Bunu 25 ildə hansı səviyyədə təmin etmişiksə, təbii ki, bu qiyməti oxucu rəyi müəyyənləşdirir.
- Gündəlik ictimai-siyasi qəzetin daim maraqlı çıxması üçün başlıca tələb operativlik, hadisələrə təhlili yanaşma, mütəxəssis rəyinini öyrənilməsi tələb olunur. Buna necə nail olursunuz?
- Əvvəldə də qeyd etdiyim kimi, əgər mətbu orqan öz əqidəsinə, yoluna sadiqlik nümayiş etdirirsə, günün tələblərinə uyğun məqalələri səhifələrində yerləşdirməklə oxucu diqqətini çəkirsə və onların informasiya tələbatını ödəyirsə, oxucu marağının artması təbiidir. Qəzetin maraqlı çıxması üçün təbii ki, hər bir oxucunu düşündürən, onun diqqətini çəkən materiallara yer ayırmaq gərəkdir. Nəzərə almalıyıq ki, oxucu auditoriyasında müxtəlif təbəqələri təmsil edən, hadisələrə yanaşma və qiymətləndirmə baxımından fərqli düşüncə tərzinə malik insanlar var. Oxucu üçün əsas olan onlara təqdim olunan informasiyanın dəqiqliyi, analitik materialların düşündürücü və həqiqəti özündə əks etdirməsidir. Bu baxımdan deyə bilərəm ki, daim dəqiq, qərəzsiz, obyektiv fəaliyyət göstərən, təkrarən də olsa yenə də deyim ki, «düzü düz, əyrini əyri» yazan qəzetin oxucu problemi olmur. Bir məqamı da nəzərə alaq ki, qəzetin oxuya təqdim olunan formaya gəlib çıxması, yəni ərsəyə gəlməsi kollektivin, yaradıcı heyətin gərgin əməyinin nəticəsidir. Hər kəs üzərinə düşən məsuliyyəti dərindən dərk edib, daim yenilik axtarışında olanda nəticə, sözsüz ki, yaxşı olacaq.
-Yazılı mətbuat, yoxsa elektron KİV? Bu dilemma indiki qədər aktual olmayıb. Bu fərqliliyə müxtəlif yanaşmalar olsa da, sizin mövqeyinizi bilmək bizim üçün maraqlıdır.
- Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişliyi ölkədə azad sözün, plüralizmin, demokratiyanın inkişafı baxımından təqdirəlayiqdir. Müasir dövrün tələbini nəzərə almaqla demək olar ki, sosial şəbəkələrin və yazılı KİV-lərin hər birinin ictimai fikrin formalaşmasına təsir imkanları böyükdür. Dünya praktikasına müraciət etsək, bu reallıq inkaredilməzdir ki, tarixi yaşadan yazılı mətbuat bütün dövrlər üçün aktualdır, digər funksiyaları ilə yanaşı, salnamə kimi arxiv missiyasını da yerinə yetirir. Elektron KİV-lərin yazılı mətbuatı üstələdiyini deməzdim. İstər yazılı, istərsə də elektron, internet mediasının öz yeri, rolu vardır.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu nəzərə alsaq, bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycanda vətəndaşlara informasiyanın sərbəst əldə olunması üçün bütün imkanlar yaradılıb, ölkədə internetdən istifadə azaddır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub. Artıq ölkə əhalisinin böyük bir hissəsi internet istifadəçisidir və bu rəqəm ilbəil artır. Ən ucqar kəndlərə belə genişzolaqlı internetin çəkilişi Azərbaycan dövlətinin vətəndaşların informasiya tələbatının ödənilməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Çoxsaylı internet, regional televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. Daim qeyd etdiyimiz kimi, Azərbacan dövləti internetə təkcə informasiya mübadiləsi məkanı kimi deyil, həm də hökumətin açıq fəaliyyətinin təmin olunmasının yeni imkanları kimi baxır. Bir sözlə, dövlət internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişləndirilməsini dəstəkləyir.
Qeyd etdiyimiz kimi, cəmiyyətin inkişafı və təşəkkülü informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Dünyada baş verən sosial-iqtisadi hadisələr, sosial şəbəkələrdə, bloqlarda yerləşdirilən informasiyalar hər kəsi maraqlandırır. Daha dəqiq desək, müəllifi dəqiq məlum olmayan, kollektiv bir «məhsul» olan saytlardan hər kəs istədiyi və özünə lazım olan informasiyanı əldə edir. Yazılı və elektron KİV-lərlə sosial media arasında rəqabətin artdığı müasir dövrümüzdə jurnalistikanın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca, aparıcı rola malik informasiya təhlkəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Həyatımızın ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında münasibətlərin yaranmasında xüsusi rolu olan sosial şəbəkənin, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu artmaqdadır. Əsas məsələ məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlıqdan lazımi səviyyədə bəhrələnməkdir.
- Yazılı mətbuatda bir foto bəzən sözdən daha çox informasiya verir. Bəs ölkə mətbuatında foto niyə lazımi status ala bilmir?
- Qeyd etdiyim kimi, mətbu orqan o zaman özünə geniş oxucu auditoriyası toplayır ki, ictimaiyyətə nəyisə çatdırmağı bacarır. Təbii ki, mətbuatı ustalıq, böyük müşahidə qabiliyyəti tələb edən fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotojurnalistlər isə görüntülərlə çatdırırlar. Müasir dövrümüzdə insanların informasiyaya münasibəti xeyli dəyişib. Gündəlik sosial şəbəkələrdə paylaşmalara diqqət yetirsək görərik ki, onların arasında müxtəlif fotolara maraq daha çox üstünlük təşkil edir. Bu baxımdan hesab edirəm ki, xəbər saytlarında və qəzetlərdə təqdim olunan fotolar çox önəmlidir. Qısa desək, bəzən foto sözdən, şərhdən daha çox informasiya verir. Zaman keçdikcə cəmiyyət informasiya tələbatını ödəməkdə fotoların önəmini daha çox dərk edəcək, foto lazımi status əldə edəcək. Dünya informasiya məkanına inteqrasiyanın sürətləndiyi bir vaxtda fotonun önəmi daha aydın görünür. Foto artıq xəbər haqqında ilkin məlumatı formalaşdırır. Təsadüfi deyil ki, qəzetlərdə, xəbər saytlarında və yaxud da sosial şəbəkələrdə bəzən şəkil paylaşarkən «şərhsiz»” sözü yer alır. Ümumiləşdirilmiş şəkildə desək, foto özü bir informasiya daşıyıcısıdır”.
-Siz Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüsünüz. Mətbuat Şurasının sədri Əflatun müəllim həm də Milli Məclisin deputatıdır. Ölkə mediasının inkişafına yönələn hansı qanun layihəsinin hazırlanmasını və qəbulunu gözləyirsiniz?
- Azad mətbuatın inkişafı dövlət siyasətinin, demokratiyanın əsasını təşkil edir. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalının fəaliyyət göstərməsi bu sahəyə diqqət və qayğının göstəricisidir. Bu günümüzü düzgün dəyərləndirmək üçün keçilən yola qısa nəzər salmaq bir zərurətə çevrilir. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, mətbuatda da mövcud problemlər hər kəsə bəllidir. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil mətbuatın inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək, bu istiqamətdə mühüm islahatların həyata keçirilməsinə səy göstərdi. 1998-ci ilin 6 avqustunda «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanın imzalanması ilə ölkəmizdə azad mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Məhz möhkəm təməlin nəticəsidir ki, ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Respublikamızda xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər mövcuddur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə rəğbətlə qarşılanır, dünya birliyində də yüksək dəyərləndirilir. Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarını informasiya mənbələrinə çatdırmaqdır. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması da informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan mühüm addımlar sırasındadır. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur. Bütün bunlar şübhəsiz ki, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Son 13 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil mətbuatın inkişafına diqqət və qayğısı da davamlılığı ilə diqqət çəkir. Görülən işlərin fonunda bir daha bu reallıq təsdiqlənir ki, Azərbaycan dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır. 2005-ci ildə «Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında», «Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında» sərəncamların imzalanması bu qayğının təzahürüdür. Cənab İlham Əliyevin qəzetlərin maddi-texniki və maliyyə vəziyyətini nəzərə alaraq, 8 fevral 2006-cı il tarixli «Qəzetlərin «Azərbaycan» nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında» Sərəncamı da müstəqil, azad və peşəkar mətbuatın inkişafına, söz, məlumat və fikir azadlığının təmin edilməsinə xidmət edən addımlardandır. Milli mətbuatımızın 135 və 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, jurnalistlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə imzalanan sərəncamlar da bu qayğının davamlılığından xəbər verir.
Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının da əsas məqsədi azad medianı inkişaf etdirməyə, onu dəstəkləməyə, mətbuatın maddi-texniki bazasının, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Azərbaycanın uğurları biri-birini əvəzlədikcə mətbuatın qarşısında dayanan vəzifələrin miqyası da genişlənir. Dövlət bu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün mətbuata dəstəyini davamlı tədbirləri ilə təsdiqləyir. Ümummilli lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatına layiq görülləri də onların azad, müstəqil mətbuatın inkişafına diqqət və qayğısından irəli gəlir. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlət siyasətinin əsas xəttini təşkil edir.
Təbii ki, keçilən yola diqqət yönəltməyimiz səbəbsiz deyil. Azad, müstəqil mətbuatın inkişafı daim dövlətin siyasətində öndə dayanıb. Bir məqamı da qeyd edək ki, 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradılmışdır. Qurumun qarşısında dayanan əsas məqsədlərdən biri Jurnalistlərin Peşə Etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, «reket jurnalistika»sına qarşı mübarizədir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə etmişdir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrikində də qeyd etmişdir ki, Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət, media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayır. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir. Şübhə etmirəm ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov eyni zamanda Milli Məclisin deputatı kimi fəaliyyəti ilə dövrün tələblərinə uyğun, yeniləşməyə, təkmilləşməyə xidmət edən qanun layihələrinin hazırlanmasında və qəbulunda da öz sözünü deyəcək. Hər bir sahənin inkişafına xidmət edən qanunlarımızın qəbulu, həmçinin onlara əlavə və dəyişikliklərin edilməsi dövlətimizin yeniləşmə, modernləşmə siyasətindən irəli gəlir. Dövlətimizin azad mətbuatın inkişafına yönələn addımları davamlı xarakter daşıyır və Milli Məclis qanunverici orqan olaraq, digər sahələrlə yanaşı, mətbuatın da inkişafına yönələn qanunların qəbulunda maraqlıdır.
- «İki sahil»də, ümumilikdə ölkə mətbuatında jurnalist peşəkarlığını necə qiymətləndirirsiniz?
- Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdiyi ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdim: «Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyllər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik... Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə indiki dünyada.» Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, obyektivlikdən uzaq, qərəzli yazıların nə kimi problemlərə yol açdığının fərqində olarıq. Bu baxımdan jurnalist peşəkarlığı, məsuliyyəti əsasdır./salamnews.az
7News.Az








