Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini və onun atasını güllələyən şəxsin məhkəməsi başlayır.
7news.Az- ın xəbərinə görə, cinayət məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Tarverdiyev Tural Tufan oğlunun məhkəməsinin hazırlıq iclası iyun ayının 7-də hakim Rahib Salmanovun sədrliyi ilə keçiriləcək. Cinayət işində 2 nəfər zərərçəkmiş var.
İttiham aktına görə, ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. T.Tarverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.
Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq Suraxanı rayon prokurorluğuna təhvil verilib.
7news.Az








