Azərbaycan prezidenti İlham Əliyev "Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, "Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb.
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.
Bildirilib ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib.
Qeyd edilib ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.
Sonra İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.











