“İşğalçılıq siyasətinə aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik”.
Təəssüf ki, dünya birliyi bu günədək problemin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə nail olmaq üçün Ermənistana qarşı heç bir real təsir mexanizmi tətbiq etməyib. O cümlədən münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti də bu günədək heç bir nəticə verməyib.
7News.Az xəbər verir ki, bunu İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib.
Prezidentin sözlərinə görə, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az olmadığını əminliklə demək olar.
“Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir.
Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri - işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan - dini ayrı-seçkilikdən qaynaqlanır.
Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik”, - deyə, İlham Əliyev bəyan edib.
Müsəlman dünyasının münaqişəyə münasibətindən danışan Azərbaycan prezidenti qeyd edib ki, İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib.
“Buna görə İran İslam Respublikasına minnətdarlığımızı bildirir və bunu həm ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin təzahürü, həm də İranın beynəlxalq hüququn aliliyinə münasibəti kimi qiymətləndiririk.
İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənmiş və işğal faktına son qoyulması tələb olunub.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş bütün səyləri, həmçinin İslam və region dövlətlərinin təklif və təşəbbüslərini dəstəkləyir və yüksək qiymətləndiririk. Münaqişənin ədalətli həlli sahəsində bundan sonra daha fəal dəstəyin göstəriləcəyinə inanırıq”, - deyə, dövlət başçısı vurğulayıb.








