RU
İlham Əliyev İrana niyə gedir?
12:35
1082

İlham Əliyev İrana niyə gedir?

Prezident İlham Əliyev fevralın 23-də iranlı həmkarı Həsən Ruhanin dəvəti ilə bu ölkəyə səfər edəcək. Səfər öncəsi İranın dövlət radio və televiziyasına (İRİB) müsahibə verən ölkə başçısı qeyd edib ki, səfər zamanı regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq. 

İslamofobiyanın dünyada yayıldığına diqqət çəkən prezident İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinin vacibliyini vurğulayıb: “Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyllərə qarşı birgə mübarizə İslam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir”.

Ölkə başçısının İran səfərindən gözləntilər nədən ibarətdir? 

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, prezident İlham Əliyevin İrana səfəri Azərbaycan üçün olduqca əhəmiyyətlidir: “Fundamental məsələlərdə Azərbaycan və İranın mövqeləri üst-üstə düşür. Hesab edirəm ki, səfər çərçivəsində iqtisadi məsələlər ön planda olacaq. Eyni zamanda Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın dəstəyinə nail olmağa çalışacaq”. 



Politoloqin fikrincə, prezidentin səfəri zamanı İran qazının Ermənistan vasitəsi ilə Gürcüstana və Avropa bazarına çıxarılması məsələsi ətrafında ciddi müzakirələr aparılacaq: “Bununla bağlı Ermənistan mətbuatı tərəfindən xüsusi ajiotaj yaradılıb. Hesab edirəm ki, bu məsələ diqqət mərkəzində saxlanılacaq. Çünki, işğalçı Ermənistanın İrandan qaz alması, xüsusən də tranzit ölkə olması nəticə etibarı ilə aqressiyanın güclənməsinə şərait yaradır. Ona görə də bu məsələyə xüsusi önəm veriləcək.

Bu gün dünyada xristian həmrəyliyi nümayiş olunur. Bu, islamafobiya kabusudur. Yəni, problemlərin həll olunmamasında əsas məqam İslam dövləti olmağımızdır. Bütün bu reallıqlar İran və Azərbaycanın bir-birinə yaxınlaşmasını şərtləndirir. Nə qədər ki, əlaqələrimiz zəifdir, bu islamafob qüvvələrin mənafeyinə xidmət edir. Ona görə də hesab edirəm ki, səfər çərçivəsində bu məqam xüsusi olaraq diqqətdə saxlanılacaq”, - deyə E.Nəsirov vurğulayıb. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Azərbaycan prezidentinin İran səfəri bundan öncəki səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər: “İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkdə həm dünya, həm də region ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. Hazırda İranın maliyyə imkanları dondurulmuş pullarının geri qaytarılması hesabına xeyli artıb. Bu baxımdan dünya ölkələri, o cümlədən Azərbaycan qonşusu ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq, Ermənistan da İranla münasibətlərini inkişaf etdirmək üçün canfəşanlıq edir. Ermənistan çalışır ki, İran vasitəsi ilə nəqliyyat dəhlizləri yaratsın”.



E.Şahinoğlunun fikrincə, hazırda müşahidə olunan vəziyyət Azərbaycanı narahat edir: “Azərbaycanın hazır infrastrukturu var. Bundan İran və Rusiya istifadə etsə, bölgə ölkələrinin xeyrinə olar. Ona görə də ölkə başçısının İran səfəri zamanı nəqliyyat və enerji əməkdaşlığı ciddi müzakirə olunacaq. Hesab edirəm ki, İran qazının Gürcüstana çatdırılması məsələsi ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər zamanı ən önəmli məqam odur ki, üzərindən sanksiyalar götürülən İran prezidenti Həsən Ruhani Azərbaycan prezidentini səfərə dəvət edib. Bu çox mühüm məqamdır. Yəni, Azərbaycana müəyyən qədər üstünlük verə bilərlər. Amma, yenə də İran qazının Ermənistan üzərindən Gürcüstana çatdırılması məsələsi bizi narahat edir. Hesab edirəm ki, buna aydınlıq gətirilməsinə ehtiyac var. Məsələ qeyd olunan şəkildə reallaşarsa, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərəcək, eyni zamanda Ermənistanın nəqliyyat mühasirəsində dəlik əmələ gətirəcək. İran hakimiyyəti məntiqə üstünlük versə, Azərbaycanla əməkdaşlığı ön plana çəkməlidir”. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ