RU
İlham Əliyev:
10:15
587

İlham Əliyev: "Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub"

"Bu il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib".
7news.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

"Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir. Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarilə deyil, həm də mahiyyət etibarilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər.

Mədəni irsimiz bizim böyük sərvətimizdir və biz görkəmli nümayəndələrimizlə fəxr edirik. Azərbaycan əsrlər boyu dünyaya görkəmli mütəfəkkirlər, şairlər, alimlər, ictimai xadimlər bəxş edib. Bu gün bu ənənələr davam etdirilir. Buna görə də əlbəttə, Azərbaycan mədəniyyətinin korifeyləri Azərbaycanı məşhurlaşdıran insanlardır, onlar xalqımızın mədəni irsidir və biz öz mədəni irsimizə çox qayğı ilə yanaşırıq, onu qoruyuruq. Bu gün əsas vəzifə ondan ibarətdir ki, azərbaycanlıların gənc nəsli də bizim görkəmli xadimlərimizin nümunəsində, vətənpərvərlik ruhunda, öz mədəniyyətinə bağlılıq ruhunda tərbiyə olunsun. Fikrimcə, bu, gənc nəslin tərbiyəsi baxımından əsas istiqamətlərdən biridir. Gənclər əlbəttə ki, dünya üçün açıq olmalıdırlar. Lakin onlar həm də öz tarixi, mədəni köklərinə çox bağlı olmalıdırlar. Bu, Azərbaycanın və cəmiyyətimizin fasiləsiz inkişafının rəhni olacaq. Ona görə ki, güclü iqtisadiyyatı və ya güclü ordusu, güclü xarici siyasi mövqeləri olan, lakin əsasları, kökləri olmayan xalq uğurlu ola bilməz. Buna görə müasir Azərbaycan dövləti çox dərin mədəni, milli, əxlaqi köklərə, bizim, əlbəttə ki, əziz tutduğumuz dəyərlərə əsaslanır. Əlbəttə, biz fəxr edirik ki, dünyaya bu qədər çoxsaylı görkəmli mədəniyyət xadimləri bəxş etmişik".
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ