“Biz Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq”.
Biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz. Türk xalqının iradəsinə təsir edə bilməz. Türkiyəni haqq yolundan döndərə bilməz.
7News.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
İlham Əliyevin sözlərinə görə, 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir.
“25 il bundan əvvəl Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə olmuşdu. Biz bunu heç zaman unutmayacağıq”, - deyə, İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq edir:
“Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik. Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Beynəlxalq məsələlərdə bir yerdəyik, bir-birimizin yanındayıq”.
Qarabağ münaqişəsi ilə bağlı danışan İlham Əliyev Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirib:
“Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar icra olunmalıdır. Bizi hərbi əməkdaşlıq birləşdirir. Biz Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları Azərbaycanın da müdafiə potensialını gücləndirir”.
Enerji sahəsində əməkdaşlıqdan danışan İlham Əliyevin sözlərinə görə, iki ölkə TANAP layihəsinin vaxtında icrasına çalışacaq.
“Və 2 ildən sonra əminəm ki, TANAP-ın açılışını qeyd edəcəyik”, - deyə, Azərbaycan Prezidenti bildirib.
İlham Əliyev qeyd edib ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur:
“Bu birlik bizim milli sərvətimizdir. Bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə bundan da böyük qələbələr əldə edəcəyik”.








