RU
İlham Əliyev Zaqatalada
14:04
1297

İlham Əliyev Zaqatalada

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gəlib.

7News.Az xəbər verir ki, dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verdi. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. 

Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. 

Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

**

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.

Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında da iştirak edib. 2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi.

Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlanıb. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada linqafon otağı, kompyuter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər.

Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, tamamilə yeni infrastruktur yaradılıb. Transformator yarımstansiyası, su və kanalizasiya şəbəkəsi quraşdırılıb, istilik təchizatı üçün qazanxana tikilib. Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında öz yeri olan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binada daha səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ