RU
İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirib - TƏHLİL
16:11
943

İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirib - TƏHLİL

"İşğalçı Ermənistan üzərində qazandığımız qələbədən artıq iki il keçir. Amma savaş gedən günlər də, daha çox isə sonra üzə çıxdı ki, sən demə, düşmən bildiyimiz təkcə cəbhədə darmadağın etdiklərimiz deyilmiş.


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev söyləyib: "Məsələn, İranla Fransanın davranışlarına düşmənçilikdən savayı bilmirəm başqa nə ad vermək olar. Adam dərk etməkdə çətinlik çəkir, Ermənistan indiyədək Rusiyaya yoxsa, İran, Farnsa və ABŞ-a forpostluq edirmiş?

Bir vaxtlar Minsk qrupuna həmsədrlik edənlərin bizim qələbəmizdən niyə rəncidə olduqları aydındır. Belədə ilk növbədə özlərinə lazım olan "vasitəçilik”lərinə daha ehtiyac qalmadığının, region üzərində təsirlərinin ya tam aradan qalxdığının, ya da yetərincə azaldığının onlar da, hər kəs də fərqindədir.

BMT-nin bəlli səbəblərdən yerinə yetirilməyən qətnamələrini Təhlükəsizlik Şurasının daim üzvü olmayan bir dövlətin özünün reallaşdırması da adı keçənlərin nəzərində çox pis presedent sayılır. Çünki bununla artıq hamı gördü ki, Türkiyə Prezidenti cənab Ərdoğan haqlıymış, dünya doğrudan da beşdən böyükmüş. Dünyanın beşdən böyük olduğunu isə o beşlikdən uzun zaman kiçicik də olsa böyüklük, haqq-ədalət uman amma bunu görməyən Azərbaycan adlanan bir dövlət qazandığı zəfərlə sübut etdi!

Onlara bundan da böyük zərbə olardımı?

İkinci düna savaşından sonra baş verən əksər lokal toqquşmalarda uduzan tərəf həmişə müsəlman ölkələri olduğu halda biz bu stereotipi də sındırdıq. Məncə, həzm edilməyən bax budur!

İslam Respublikası adlanan, fəqət başında dinsiz bir rejimin durduğu İranın bundan sarsılmasına gəldikdə o da təbiidir. Sözü gedən rejim Azərbaycanın güclənməsində özünün məhvini görür. Fars şovinistlərinə Qarabağ itkisinin hay faşistlərindən daha pis təsir etməsinin səbəbi bundadır. Həm də Qarabağın açarının artıq Azərbaycanın öz əlində olmasıyla onların işğal altındakı torpaqlarımızdakı çirkin fəaliyyətlərinə də son qoyulub axı.

Bəli, Qarabağın açarı artıq bizdədir və onun bizdə olduğu Brüsseldə də, Praqada da, Soçidə eyni qətiyyətlə diqqətə çatdırıldı. Nə gizlədim, bu reallıq heç harada Soçidə olduğu qədər məndə qürur doğurmamışdı. Çünki ötən əsrin 90-cı illərindən 2020-ci ilədək Qarabağın açarının kimin əlində olması sualı səsləndikdə əksər ekspertlər Rusiyanın adını çəkirdilər. Cənab İlham Əliyev isə adı çəkilən dövlətin başçısıyla həmən görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, müzakirə predmeti olmadığını deməklə, ona da, digərlərinə də xatırlatdı ki, o açar artıq sizdə yox, bizdədir. Ona görə də Qarabağda yaşayan hayların təhlükəsizlik və əmin-amanlıqlarının təmini Azərbaycanın iç məsələsidir, başqalarına daha ora burun soxmaları məsləhət görülmür.

Əlbəttə, üçtərfli görüş başlamamışdan, özü də kameralar qarşısında nəzakətli olduğu qədər də qətiyyətli bir dildə Prezident Putinə bu reallığın çatdırılması yüksək liderlik keyfiyyəti və diplomatik ustalıq tələb edir.

Amma heç şübhəsiz ki, Azərbacan torpaqlarının işğaldan azad edilməsində canlarından keçən şəhdilərimizin, qollarını, qıçlarını, gözlərini, sağlamlıqlarını itirən qazilərimizin, şanlı ordumuzun burada rolu böyükdür. Qarabağın açarını bizə məhz onlar qaytardılar.

Məhz onların fövqaladə qəhrəmanlıqları sayəsində Azərbaycan özü çəkidə və durumda olan heç bir dövlətin edə bilmədiyini etdi. Arxasında yırtıcı güclərin, imperialist çevrələrin dayandığı ləyaqətsizlərə qarşı ləyaqətli savaş apardı, zəfər çaldı. Və göstərdi ki, islam ümməti arasında ilk demokratik respublikanı məhz azərbaycanlıların qurmaları heç də təsadüf deyilmiş. Çünki tarixin müsəlmanlar əleyhinə gərdişini də ilk olaraq elə bu xalq, onun lideri dəyişməyi bacardı. Zəfərin əbədi və bunu həzm etməyənlərin hamısının üzərində olsun, Azərbaycan!”

"Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb. Hər bir xalqın tarixində, onun taleyüklü və mürəkkəb mərhələsində öz xilaskarlıq missiyası ilə xalqın, dövlətin, vətənin taleyini həll edən böyük şəxsiyyətlər olmuşdur.”


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov söyləyib: "Azərbaycan xalqı öz varlığını belə şəxsiyyətlərin zirvəsində duran ulu öndər Heydər Əliyevə borcludur. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz, xalqımız məhv olmaq təhlükəsindən xilas olmuş, böyük inkişaf yolu ilə inamla addımlamışdır. Heydər Əliyev özünün də söylədiyi kimi, milli mənsubiyyəti ilə, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Ulu Öndərin siyasi kursunu uğurla reallaşdıran Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirib, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə malikdir.

Böyük öndərin uzaqgörən siyasəti, bu siyasəti uğurla davam etdirən möhtərəm cənab prezident İlham Əliyev 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər ali baş komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək böyük Zəfərə imza atdı. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi 10 noyabr tarixində Ermənistanın kapitulyasiya aktına imza atması, düşmənin məğlubiyyəti ilə nəticələndi. 8 Noyabr tarixi mədəniyyət beşiyimiz Şuşa şəhərinin əlbəyaxa döyüş nəticəsində azad edilməsi müharibənin taleyini artıq həll etmişdi. Ulu öndər Heydər Əliyevin də böyük dəyər verdiyi Şuşa şəhərinin azad olunduğu gün, bu şəhərin böyük mədəni əhəmiyyəti nəzərə alınmaqla cənab prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Günü kimi qeyd olunur.

Tarixi Zəfərimizdən artıq iki il keçir. Azərbaycan xalqı bu günü böyük sevinc, qürur hissi ilə qeyd edir. Uşaqdan böyüyə hər həs Zəfər Bayramını xoşbəxt ruh ilə yaşayır.

Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı, 44 günlük Vətən müharibəsinin müzəffər ali baş komandanı İlham Əliyevə və rəşadətli ordumuza, Vətənin bütövlüyü uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə, igid qazilərimizə, Vətən oğullarına sonsuza qədər minnətdar olacaqdır.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayramınız mübarək olsun!

"Zəfər Günü” bizə o qədər müqəddəs hisslər aşılayır ki, o hissləri konkret sözlə, kəlmə ilə təsvir eləmək çox çətindir. Şükür, bu günə. Şükür, bu möhtəşəm qələbəyə. Şükür olsun, Azərbaycanımızın bu xoşbəxtliyinə”.


7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"44 günlük müharibədə Azərbaycan xalqı yumruq kimi birləşdi və böyük əzəmət nümayiş etdirdi. Hamı qələbəyə köklənmişdi, hamı ancaq şad xəbər gözləyirdi, hamının içində bir inam vardı. Və həmin qələbə gəldi. Həm də gecikmədən gəldi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qəhrəman Ordumuz düşmənin başını əzdi, əzəli torpaqlarımızı 30 illik əsarətdən sonra geri qaytardı.

Bundan sonra Azərbaycanın gücü daha da artıq olacaq. Eşq olsun, millətimə və dünyada söz sahibi olan dövlətimə. Eşq olsun, Azərbaycanımın adını hər yerdə ucalara qaldıran, bizi daim qələbələrə doğru aparan dəyərli Prezidentimə!” - deyə Partiya sədri fikirlərinə davam edib.

"Bayraq bizim üçün yalnızca rəmz və simvol deyil, o həm də qeyrətdir, namusdur, bizim şərəfimizdir.” – deyə Milli Məclisin deputatı Elşən Musayev fikirlərinə davam edib.

"İllər sonra üçrəngli bayrağımız ilk dəfə Ulu Öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Naxcıvanda dalğalanıb. Ümummilli Lider Naxcıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ali Sovetin qarşısında vəsatət qaldırmışdı ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət rəmzi kimi tanınsın. Həmin vəsatətə 1991-ci il, fevralın 5-də baxıldı və qərar qəbul edildi. Fəqət, bu müqəddəs bayraq Naxcıvan Muxtar Respublikasının üzərində 1990-cı il, noyabrın 17-dən etibarən artıq dalğalanırdı. Birbaşa Heydər Əliyevin sayəsində!

İndi isə üçrəngli bayrağımız artıq Şuşada, işğaldan azad olunmuş digər əzəli torpaqlarımızda dalğalanır. Bunu görmək, hiss etmək o qədər qürurvericidir ki...Eşq olsun dövlətimə. Eşq olsun millətimə. Eşq olsun, "Bayraq bizim eşidilən səsimiz, duyulan nəfəsimizdir” – söyləyən dəyərli Prezidentimə!” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

 

Mənsur Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.1

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ