RU
İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir
14:24
367

İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin sabit və ardıcıl inkişafını uğurla təmin edir

 Azərbaycan bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Tarixində ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanın bu günkü inkişafının təməli hər bir kəsə məlumdur ki, məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün inkişaf mərhələsinə qədəm qoydu. Bu günlər müstəqilliyinin 27-ci ildönümünü qeyd edən Azərbaycanın hazırkı səviyyəyə gəlib çatması o qədər də asan olmayıb desək yanılmarıq. 27 il əvvəl cərəyan edən proseslərə, müstəqillliyimizə qovuşduqdan sonra qazandığımız nailiyyətlərə qısa nəzər salan Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Parlamentində "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Səfirin sözlərinə görə, bu mühüm tarixi sənədlə meydan hərəkatında bərkimiş, 20 yanvar qırğınını görmüş, özünün istiqlal mübarizəsində yüzlərlə şəhid və qurbanlar vermiş xalqımız uzun illərdən bəri həsrətində olduğu müstəqilliyinə qovuşdu:

"Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Müstəqilliyimizin ilk illərində mənfur qonşumuz Ermənistanın xaincəsinə soydaşlarımızı dədə-baba torpaqlarından çıxarması, havadarlarının dəstəyi ilə hiyləgərcəsinə məkrli planını həyata keçirərək, Xocalı soyqırımını törətməsi, Şuşanı, Laçını və digər torpaqlarımızı işğal etməsi, həmçinin, daxildə bəzi qüvvələrin 1992-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirməsi müstəqilliyimizə ciddi təhlükə yaratdı. Belə bir ağır dövrdə böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin xalqın israrlı xahişi ilə hakimiyyətə qayıdışı bu təhlükəyə birdəfəlik son qoydu”.

Səfir bildirib ki, ümummili lider Heydər Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, enerji layihələrinin icrası, iqtisadiyyatın bütün sahələrində köklü islahatların həyata keçirilməsi ölkəmizin gələcəyi naminə öz bəhrəsini verdi: "Bu illər ərzində Azərbaycan öz dövlət müstəqilliyini inamla mökəmləndirərək inkişaf etdirdi və ölkəmizdə stabillik tam bərpa olundu. Bu gün Ulu Öndərin layiqli davamçısı dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını uğurla təmin edir. Cənab İlham Əliyevin Prezidentliyinin 15 ili ərzində Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Əsrin Müqaviləsi, TANAP və digər mühüm enerji layihələri xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır, həmçinin Azərbaycanın beynəlxalq arenada əhəmiyyətinin və nüfuzunun artmasına xidmət edir. Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə ölkə daxilində və xaricində mədəniyyət, xeyriyyəçilik, təhsil, idman, musiqi və digər sahələrdə həyata keçirilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada daha çox müsbət tanınmasına səbəb olub”

Daşqın Şikarov deyib ki, qeyri-neft sektorunun inkişafina göstərilən qayğı nəticəsində kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, infrastrukturun inkişafı və digər sahələrdə böyük artım müşahidə olunur: 

"Sosial siyasət daim dövlətimizin prioritet sahəsi hesab edilir, sosial infrastrukturun yaradılmasına böyük vəsaitlər qoyulur, ən ağır vəziyyətdə olan soydaşlarımızın – məcburi köçkünlərin problemləri uğurla həll edilir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar uğurla davam etdirilir. Eyni zamanda, gündən-günə güclənən və dünyanın aparıcı orduları sırasına daxil olan Azərbaycan Ordusu güclənərək dünyanın ən güclü orduları sırasına daxil olub. Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini 2016-ci ilin aprel ayında Ermənistan ordusunun təxribatına cavabı, həmçinin Naxçıvan əməliyyatı ilə bunu bir daha sübut etdi.

Hörmətli dostlar, 18 Oktyabr Müstəqillik Günü münasibəti ilə hər birinizi bir daha təbrik edir, günü–gündən çiçəklənən, inkişaf edən doğma Azərbaycanımızın müstəqilliyinin əbədi olmasını arzulayıram".



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ