RU
21:36
162

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb - YENİLƏNİB

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində bütün qaliblər açıqlanıb.

Son olaraq daha 5 nominasiya üzrə fərqlənənlər bəlli olub.

İlin kəşfi nomnasiyasında şahmatçı Gövhər Beydullayeva bütün rəqiblərini geridə qoyub. Şahmatçı Abdulla Qədimbəyli ikinci, üzgüçü Ramil Vəlizadə üçüncü yeri tutub.

"Real TV"dən Gəray Qiyasov ilin ən fəal idman jurnalisti seçilib. Onu "azerisport.com" saytından Zəki Feyzullayev və ATV telekanalından Sənan Şəfizadə izləyib.

İlin idman fotoqrafı adına Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfov layiq görülüb. Azərbaycan Gimnastika Federasiyasından Valeri Xlızov ikinci, Trend Beynəlxalq İnformasiya Agentliyindən Zaur Mustafayev üçüncü olub.

İlin idman filmi nominasiyasında "Uğurlar - Elçin Əsədov" filmi ilk pilləni tutub. "Əvvəl və sonra (Kifayət Qasımova)" filmi ikinci, "Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır" filmi isə 3-cü sırada qərarlaşıb.

Nəhayət, ilin idman media qurumu nominasiyası üzrə İctimai TV qalib elan olunub. "CBC Sport" ikinci, "İdman TV" isə üçüncü yerlə kifayətlənib.

20:43

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 4 nominasiya üzrə qaliblər açıqlanıb.

Bakı Su İdman Sarayı ilin idman qurğusu adın layiq görülüb. Milli Gimnastika Arenası ikinci, "Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.

1 saylı uşaq gənclər şahmat məktəbi ilin Uşaq-Gənclər İdman Məktəbi seçilib. Onu "Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.

İlin fair play mükafatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçisi Elnurə Məmmədova tutub.

"Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəki "İdman Festivalı 2022” və Yunan-Roma güləşi üzrə Dünya Kuboku tamamlayıb.

20:30

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 3 nominasiya üzrə qaliblər müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası seçilib. Azərbaycan Gimnastika Federasiyası ikinci, Azərbaycan Güləş Federasiyası üçüncü olub.

"Qarabağ" ilin idman klubu nominasiyasında da bütün rəqiblərini üstələyib. İkinci yeri "Ocaq Sport" gimnastika klubu tutub. İlk "üçlüy"ü "Neftçi" futbol klubu tamamlayıb.

Göygöl Olimpiya İdman Kompleksi ilin ən yaxşı olimpiya idman kompleksi adına layiq görülüb. Şəki Olimpiya İdman Kompleksi ikinci, Gəncə Olimpiya Kompleksi üçüncü yeri tutub.

20:02

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 3 nominasiya üzrə qaliblər müəyyənləşib.

Ən yaxşı kişi komandaları arasında "Qarabağ" futbol klubu qalib olub. Mini futbol üzrə yığma ikinci, 3x3 basketbol millisi üçüncü yeri tutub.

İlin ən yaxşı baş məşqçisi "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.

Futbol üzrə FIFA referisi Əliyar Ağayev ilin ən yaxşı hakimi adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.

19:55

Gənclər və İdman Nazirliyi "İlin idman yekunları" adlı qala mərasimi keçirir.

"Buta Palace" sarayında təşkil olunan mərasimdə artıq 3 nominasiya ilə bağlı qaliblər bəlli olub.

İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Anna Başta seçilib. Şahmat üzrə 20 yaşlılar arasında dünya çempionu olmuş Gövhər Beydullayeva ikinci, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova üçüncü olub.

İlin ən yaxşı kişi idmançısı nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.

İlin ən yaxşı qadın komandası adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ