Azərbaycanda ilk dəfə olaraq Şimal regionunda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən hemofiliyalı xəstələrin stomatoloji problemlərini aşkar olunması və aradan qaldırılması üçün 2016–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Quba rayonunda maarifləndirici tədbirlərə start verilib. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunması üçün gələcəkdə tədqiqatların aparılması və irsi qan xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın ağız boşluğunda olan problemlərin aradan qaldırılması və dişlərinin sağlamlığının qorunması üçün uzun müddətli layihələrərin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə böyük məruzə ilə çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov qeyd edib ki, bu sahədə artıq Azərbaycan Səhiyyə Nazirliyi Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Stomatologiya kafedrasının mütəxəssisləri ilə əməkdaşlığın qurulması üçün mühüm addımlar atılıb.
Xatırladaq ki, hemofiliya xəstəliyi irsi qan xəstəliyidir və bu xəstələrin qanında laxtalanma faktorların çatışmazlığı səbəbindən müxtəlif lokalizasiyalı qanaxmalar baş verir. Son 10 ildə Azərbaycan dövlət büdcəsi hesabına alınan faktor konsentratları dərman preparatları hesabına xəstələrdə müxtəlif müalicələr tədbiq olunur və bununlada hemofiliyalı pasiyentlərimizin həyat keyfiyyətinin yaxşılaşmasına nail olmaq olur.
Tədbir hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzuların müzakirəsi ilə davam edib.
7News.Az