Amerikalı iş adamı və milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti səhmlərinin fond birjasında satışa çıxarılması üçün ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məxfi müraciət ünvanlayıb.
Bu barədə BBC xəbər yayıb.
İlkin təklif prosesi baş tutduqdan sonra kosmik korporasiyanın bazar dəyərinin bir trilyon dollar həddini aşacağı proqnozlaşdırılır. Bu addımın dünya tarixinə ən böyük maliyyə debütlərindən biri kimi düşəcəyi gözlənilir. Şirkət cari ilin iyun ayında birjaya daxil olmağı və səhm satışı vasitəsilə 50 milyard dollardan çox sərmayə cəlb etməyi planlaşdırır.
Xatırladaq ki, ilin əvvəlində Maskın "xAI" süni intellekt layihəsini öz tərkibinə qatan "SpaceX", 1.25 trilyon dollarlıq qiymətləndirmə ilə qlobal miqyasda ən bahalı özəl müəssisə statusunu qazanmışdı.
Sahibkara məxsus "Tesla" və "xAI" şirkətləri "SpaceX" ilə sıx tərəfdaşlıq edir. Belə ki, "Tesla" süni intellekt şirkətinə iki milyard dollar sərmayə yatırıb, "Grok" texnologiyası isə artıq bəzi avtomobil modellərinə inteqrasiya edilib. Bundan əlavə, kosmik şirkətin "Terafab" adlı çip istehsalı layihəsi çərçivəsində də "Tesla" və "xAI" ilə ortaq fəaliyyət göstərəcəyi bildirilir.
2002-ci ildə əsası qoyulan "SpaceX"in əsas fəaliyyət istiqamətlərini raketlərin kosmosa göndərilməsi və "Starlink" qlobal peyk şəbəkəsi təşkil edir. İlon Maskın gələcək planlarına kosmosda data mərkəzlərinin inşası və Mars planetində yeni bir şəhərin salınması kimi ambisiyalı hədəflər daxildir.








