RU
İlqar Orucov: “Bu Sərəncam sosial əhəmiyyətli və olduqca vacib bir sənəddir”
14:37
849

İlqar Orucov: “Bu Sərəncam sosial əhəmiyyətli və olduqca vacib bir sənəddir”

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı 7News.az-a münasibət bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bu dəfəki Sərəncamın bir qədər fərqli nüansları özündə birləşdirdiyini dedi: “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilk növbədə sosial əhəmiyyətli və olduqca vacib bir sənəddir. Təbii ki, biz zaman-zaman ən kövrək və sosial cəhətdən daha çox diqqət tələb edən təbəqə kimi bakalavr və magistr pilləsində təhsil alan  tələbələrin, doktorantların təqaüdlərinin artmasının şahidi olmuşuq. Həmişə ağıllı və gələcəyini düşünən dövlətlər bu təbəqəni düşünüblər və onların qayğısına qalıblar. Bu dəfəki Sərəncam bir qədər fərqli nüansları özündə birləşdirir və belə demək mümkünsə analoji sərəncamlardan xeyli fərqli bir sənəddir. Əslində tələbələrə təhsil müddətində təqaüd verilməklə bağlı ənənəvi stereotiplər qırılıdı.  Artıq ödənişli əsaslarla təhsil alan və akademik göstəriciləri yüksək olan tələbələr təqaüd almaq şansları əldə etdilər. Bu tamamilə yenilikdir. Digər tərəfdən ödənişsiz təhsil alan tələbələrin təqaüdlərində nəzərəçarpacaq artımlar olacaq. Əsas meyar tələbənin semest boyunca əldə etdiyi biliklə təyin ediləcəkdir ki, bu da ilk növbədə rəqabətin artmasına, tələbələrin daha yaxşı oxumağa meyilli olmasına gətirib çıxaracaqdır. Hesab edirəm bu sərəncam təhsil sistemində kadr dəyişikliyinin  və bu dəyişikliyin gətirdiyi müasir innovativ təfəkkürün məhsuludur və hədəfdə daha bilikli, daha savadlı, yeni çağırışlara cavab verəcək kadr potensialının hazırlanması prosesini həyata keçirmək durur. Məni bir məqam düşündürür: həmişə mövcud olmuş  qeyri-obyektiv qiymətləndirmə ilə mübarizə necə olacaq? Açığı mən müəlimlərin böyük bir qisminin obyektivliyinə inanmıram və şübhə ilə yanaşıram. Bu baxımdan qiymətləndirməyə nəzarət prosesi diqqətdə saxlanmalıdır. Və hesab edirəm Təhsil Nazirliyinin rəhbərliyi də yəqin ki, bu məsələdə daha həssas və çevik mexanizmlər üzərində işləyəcək, illərlə təhsildə kök salmış və hal-hazırda da mövcud olan neqativ halların sərəncamın nəticələrinə təsirinin qarşısını alacaqlar. Hesab edirəm burada daha bir mübarizə üsulu olaraq ictimai nəzarət ola bilər.

 

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ