Çinin Hubey əyalətində məhkəmə zorlama nəticəsində doğulmuş qızı bioloji atasına aliment ödəməyə məcbur edib.
Bu barədə "Sohu" nəşri xəbər dərc edib.
Məlumata görə, ötən ilin oktyabr ayında sağlamlıq problemlərindən əziyyət çəkən və daimi qazancı olmayan 64 yaşlı Liao məhkəməyə müraciət edərək, qızı Linin ona hər ay 1 500 yuan (təqribən 373 manat - red.) aliment verməsini istəyib. İlkin instansiya məhkəməsi kişinin bu iddiasını qismən qəbul edib və gənc qadının atasına aylıq 500 yuan (təqribən 125 manat - red.) ödəməsinə dair qərar çıxarıb.
Amma 28 yaşlı qadın qeyd edib ki, o, zorakılıq nəticəsində dünyaya göz açıb, bioloji atası valideynlik borcunu heç zaman icra etməyib və anası onu körpəlikdən tək böyüdüb. Buna rəğmən, apellyasiya məhkəməsi təqdim edilən sənədlərin yetərsiz olduğunu və zorakılıq faktının obyektiv sübutlara əsaslanmadığını bildirib. Yekun olaraq, birinci instansiyanın qəbul etdiyi qərar qüvvədə saxlanılıb.








