Ermənistan ictimaiyyətində baş verən proseslər dərinləşəcək və hakimiyyət istəsə də, istəməsə də, reallığı qəbul etməyə məcbur olacaq.
Bu sözləri Ermənistanın eks-prezidentinin son çıxışlarına münasibət bildirən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Millət vəkili hesab edir ki, Levon Ter-Petrosyanın praqmatik bəyanatı bugünkü vəziyyətə ən adekvat yanaşmadır:
"Petrosyanın bəyanatı İrəvanın hazırkı vəziyyətini dəqiq əks etdirir. Bu da təsadüfi deyil. Məhz Aprel hadisələrindən sonra Ermənistan ictimaiyyəti qapıldığı illüziyadan ayılmış oldu. Bu müddət ərzində havadarları hesabına Qarabağı uzun müddət işğalda saxlaya biləcəklərini düşünürdülər. Aprel hadisələri göstərdi ki, Ermənistan heç bir halda Azərbaycan torpaqlarını işğalda saxlaya bilməyəcək. Məhz bundan sonra Ermənistan QHT-ləri Azərbaycanla əməkdaşlığa meyl etdilər və Sülh Platforması yaratdılar. Sülh Platforması bugünkü vəziyyətə uyğun olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsini tələb etdi. İndiyə qədər Ermənistanda belə bir QHT yox idi. Ancaq Aprel hadisələri erməni cəmiyyətində, siyasi qüvvələri arasında yeni bir situasiya yaratdı. Petrosyanın timsalında siyasi partiyalar reallığı düzgün qiymətləndirir və çıxış yolunu Azərbaycan torpaqlarını işğaldan azad etməkdə görürlər. Demək, artıq status-kvo siyasi, mənəvi, hətta fiziki baxımdan dəyişib. Avantürist, korrupsioner və cinayətkar Sərkisyan rejimi heç bir halda erməni xalqının gələcəyini təmin edə bilməz. Ermənistanda keçirilən son seçkilər Avropada ən çox korrupsiyalaşdırılmış, çirkablaşmış seçki kimi tarixdə düşdü. Bu, birbaşa ermənilərin vəziyyətinin olduqca acınacaqlı olmasından xəbər verir”.
A.Quliyev hesab edir ki, bu baxımdan beynəlxalq təşkilatlar bu məsələyə adekvat qiymət verməli və Ermənistana çox açıq siqnallar göndərilməlidir:
"Birincisi, torpaqlar işğaldan azad edilməli, məsələ sülh yolu ilə həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi beynəlxalq hüquq normaları çərçivəsində təmin ediməli, ermənilərlə azərbaycanlılar əvvəlki kimi Dağlıq Qarabağda sülh şəraitində yaşamalı, onların təhlükəsiziyinə təminat verilməli və Dağlıq Qarabağın statusu Azərbaycanın tərkibində müəyyənləşməlidir.
İkincisi, əgər buna əməl edilməzsə, Ermənistanla bağlı müəyyən ölçülər götürülməlidir. Bu məsələni dəfələrlə ATƏT, AŞPA-da qaldırmışıq. Necə ola bilər ki, ATƏT ərazisində işğalçı dövlətlərə qarşı fərqli mövqe sərgilənir. Ermənistan Avropa tərəfindən bu qədər dözümlə qarşılana və İrəvan işğalçılıq siyasətinə laqeydlik göstərilə bilməz. Əminəm ki, gec-tez bunlar öz yerini tapacaq. Ancaq hazırkı situasiyada Azərbaycanın güclü ordusu, iqtisadiyyatı, möhkəm xalq həmrəyliyi, vətəndaş birliyi və ictimai-siyasi sabitliyi milli maraqlarımızın və ərazi bütövlüyümüzün təminatçısıdır. Ermənistan ictimaiyyətində baş verən proseslər dərinləşəcək və hakimiyyət istəsə də, istəməsə də, reallığı qəbul etməyə məcbur olacaq”.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad edilməyəcəyi təqdirdə beynəlxalq aləmin sanksiyalarla Ermənistanı buna məcbur edəcəyini açıqlayıb.//axar
7News.az








