İndoneziyanın hökumət orqanları Şimali Sulavesi əyalətində Soputan vulkanının fəallaşması ilə əlaqədar fövqəladə vəziyyət elan ediblər.
7news.az Azərtac-a istinadən xəbər verir ki, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinin məlumatına görə, püskürmənin ilk əlamətləri bir neçə gün bundan əvvəl qeydə alınıb və hazırda tüstünün hündürlüyü 2 min metrə çatır.
Fəaliyyətdə olan vulkanlar siyahısına daxil edilən Soputan vulkanı ölkənin şimal-şərqindəki Sulavesi adasında yerləşir. Vulkanın ən hündür kül püskürməsi 2011-ci ildə qeydə alınıb və həmin vaxt bu göstərici altı min metr təşkil edib.
Ötən ilin iyulunda Yava adasında baş vermiş vulkan fəallaşması İndoneziyanın bir çox aeroportlarında nəqliyyat böhranına səbəb olmuşdu. Yalnız Balidə dörd sutka ərzində on minlərlə sərnişin blokada vəziyyətinə düşmüşdü.
7news.az








