Bu yazını oxumamışdan əvvəl "Milli Şura”nın öndə gedənlərinin iştirakı ilə keçirilən "Zoom konfrans”ı izləmək lazımdır. Son videodur. Mənim də qarşıma yeni çıxıb. Dünən baxdım. Baxdım və tək bir şeyə sevindim ki, bu günə qədər həmin nanəciblər haqda nə demişəmsə düz demişəm. Hətta az demişəm.
Gerçəkdən iyrənc videodur. O qədər iyrənc ki, aydın ifadə eləməyə leksikonda söz tapılmaz...
Məclis sanki Gültəkini güldürmək, onu əyləndirmək, adamın dilindən bir söz alıb ortaya yeni qafiyə çıxartmaq üçün düzənlənib. Dövlət idarə etmək istəyənlər söyüşlə dialoq qururlar, bir-birinə (guya) ərkən "yaramaz” deyirlər, inəklə buğanın fərqindən danışırlar. Ən sonda da erkəklə dişinin təsnifat missiyası Gültəkinə yüklənir. O isə bir "anektod” üzərindən buğanın tərifini verir: "İnəyin əri”. Əla! Nə gözəl. Dövlətçilik üçün də, gələcək siyasi platformalar, perspektivlər üçün də, Gültəkinin payıza planladığı inqilab ssenarisi üçün də...ən vacib və prioritet məsələdir:"Buğanın anatomiyası!”
Müxtəsər. Adamlar "zoom konfrans”ı "zoo konfrans” zənn ediblər!
***
Səhv etmirəmsə 2003-cü ildə, seçki öncəsi Saakaşvilinin mənzil qərərgahından reportaj hazırlanmışdı. Həmin qərərgahda dünyanın dörd bir yanında təhsil alan siyasi texnoloqlar təmsil olunurdu. Efir boyunca üzvlərdən biri sırf gürcü millətinin psixologiyası ilə bağlı təhlil verdi, digəri çıxışların hazırlanmasına məsul idi – bu barədə fenomenal arqumentlərlə çıxış etdi, başqa birisi regionda baş verən və verə biləcək hadisələrin təsnifatını apardı, proqnozunu hesabladı, ondan başqa birisi Qərb və rus təsirinin mənfi və müsbət tərəflərini bütün çılpaqlığı ilə açdı. Və nəhayətində Saakaşvilinin özü nitq söylədi. Elə bir nitq ki, həmin nitqdən sonra bu müdhiş qərərgahın ona, onun isə qərərgaha layiq olması 4 gözlə sezilirdi...
"Milli Şura” da müxalifətdir və öz təbirlərincə desək, guya "ana müxalifət”dir. Ayrıca, həmin o "Zoom konfrans” da bunların virtual mənzil qərərgahıdır. İddiaları da nə az-nə çox: Hakimiyyətdir. İndi isə bir anlıq və yüz dəfə "iraq olsun” deyib təsəvvür edək ki, bu hərdəmxəyallar hakimiyyətə gəliblər və "Zoom”un deyil, məsələn "Təhlükəsizlik Şurası”nın iclasını keçirirlər. Təsəvvür elədinizmi? Mən elədim. Elədim və tüklərim birər-birər qaldı. Mən təsəvvür elədim ki, ölkənin tale yüklü məsələlərindən söhbət gedərkən Gültəkinin qəhqəhəsi zalı bürüyür, qəfildən inək söhbətinə keçid edilir, "erkək” mövzusunun fəlsəfəsi "mahir bilicilər” tərəfindən xırdalanır, sonra bu nazir o birinə zarafatla "yaramaz” deyir, daha sonra Cəmil yeni çıxmış bığının altında Gültəkinə ən son eşitdiyi tərbiyəsiz lətifəni danışır, növbəti hırıldaşma başlayır, ya da nə bilim hökümət üzvlərindən hansısa biri gedib siqaret çəkib qayıdır və ya masaya külqabı gətizdirir...
***
Dərin adam hər halı ilə dərindir. İnsan bəzən hətta ayağını ayağının üzərinə qoyub necə oturması ilə belə kimliyini, səviyyəsini bəlli edə bilir. Bəzən adi jest, baxış, göz qırpımı belə sənin nə qədər kitab oxumağının, sahib olduğun zəkanın, beyin əmsalının göstəricisidir. Cəmil o gün Amerikadan bir şəkil paylaşımı edərək yazmışdı ki, burada quşlar belə uçdu, günəş binanın arxasından elə çıxdı, torpaq ayağımın altından feşman cür qaçdı. Sanki üçüncü sinifin inşa mətnidir. Amma olsun. Bir söz demirəm. Adama 70 yaşında bığ çıxartdırmağı bacaran qüvvə güman ki, "müəllim”i romantik havaya da salmaq gücündədir. Odur ki, istədiyini yazsın. Özü bilər. Yaza-yaza da yaşasın, ikinci baharını. Neynir, eləsin. Fəqət, lütfən, fürsət düşəndə bir adam ona desin ki, kompüterin qarşısında oturarkən qulaqcığı ağıza, mikrofonu qulağa taxmaq olmaz. Onların yeri tərsinədir. Gültəkinin qulağına arada kimsə pıçıldasın ki, söyüş söyülən yerdə yalandan da olsa utanmaq, qızarmaq, qəhqəhəni içində boğmaq, feysbukdakı "ağbirçək” obrazını "zoom”da da yaratmaq, ağır oturub batman gəlmək lazımdır. Qənimətə bir adam xatırlatsın ki, tez-tez adını çəkdiyi Fazil Mustafa, Qüdrət Həsənquliyev bu millət uğruna canını fəda etməyi gözə alanda o, restorandan şalvarsız qaçırdı. Kameraların müşayəti ilə!
Nəhayət. Cəmil Həsənli hakimiyyətlə dialoqa gedən bütün siyasi partiya sədrlərinə "tryapka” deyib. Həmin partiya sədrləri arasında isə mən də varam. Yəni, təhqir birbaşa şəxsimə ünvanlanıb.
Yazı boyunca çox düşündüm ki, həmin təhqirin cavabını necə verim. Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: "Tryapka” - səni bu qoca yaşında bığ çıxarmağa məcbur edəndir!”.
Nöqtə.








