RU
İnternet klubdakı mübahisəyə görə qonşusunu öldürən azyaşlıya 10 il cəza təyin edilib
09:56
604

İnternet klubdakı mübahisəyə görə qonşusunu öldürən azyaşlıya 10 il cəza təyin edilib

Bakı Apellyasiya Məhkəməsində Suraxanı rayon sakini Anar Səlimovun (1998-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, 2013-cü il dekabrın 26-ı, saat 20 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən internet klubda olan zaman Anar Səlimov giriş qapısını açıq saxladığı üçün qonşusu Nazım Həşimov (1989-cu il təv.) ona iki sillə vuraraq, təhqir edib. Anar klubdan çölə çıxıb, böyük qardaşı Rəşada (1991-ci il təv.) telefonla zəng vurub, onu həyətə çağırıb. Rəşad kluba gələrək Nazimi küçəyə çağırıb, aralarında sözlü mübahisə yaransa da, şahidlər hər ikisini sakitləşdirib. Rəşadla Anar evlərinə qalxan zaman Nazım arxalarınca nəlayiq ifadələr işlətdiyi üçün Rəşad qəzəblənərəq qardaşını evdə qoyaraq, yenidən söhbəti davam etmək üçün aşağı düşüb. Evin qarşısında Nazımlə Rəşad mübahisə edərkən Ümüd Həşimzadə bundan xəbər tutub və özünü həmin yerfə çatdırıb. Onlar Rəşad Səlimovu təkləyərək döyməyə başlayıblar. Qardaşı həyətə düşəndən bir neçə dəqiqə sonra Anar ov bıçağını götürərək, həyətə düşüb. Rəşadı axtarmaq üçün əvvəl 146 saylı orta məktəbin yanına, sonra isə çay evinə tərəf yollanıb. Rəşadın döyüldüyünü görən Anar özündən asılı olmayaraq, qisas almaq məqsədi ilə
bıçağı belindən çıxararaq Nazimə yaxınlaşıb və ardıcıl onun qarın nahiyyəsinə 3 zərbə vurub. Azərsutikinti xəstəxanasına çatdırılan Nazım Həşimov kəskin qanitirmədən dünyasını dəyişib. Araşdırmaya başlayan Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, Qurbanov küçəsi, 95 ünvanında Anar və Rəşad Səlimovlar Nazim və Ümüd Həşimov qardaşları ilə dalaşıblar. Anar Səlimov səhərisi gün könüllü bölməyə gələrək, təslim olub.

Anar Səlimov cinayət törədən zaman 16 yaşı tamam olmadığı üçün, cinayətin subyekti sayılmadığından onun barəsində CM-nin 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə cinayət təqibinə xitam verilib.

Məhkəmə prosesində ifadə verən Anar Səlimov bildirib ki, cinayət ani olaraq baş verib, əsəbi olduğu üçün Həşimovun hansı nahiyyəsinə və neçə zərbə vurması yadında qalmayıb. Nazimi vurduqdan sonra qorxduğu üçün dərəyə tərəf qaçıb, əynində gödəkçəsi olmadığı üçün tez evə gəlib və paltarını götürüb, Mərdəkan qəsəbəsində yaşayan xalasının evinə yollanıb. Səhərisi gün isə polis bölməsinə gedərək, təslim olub.

Məhkəmə cinayət işini araşdıraraq nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 120.2.4-cü maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır. İş materiallarına görə, Anar Səlimov cinayət törədərkən yetkinlik yaşına çatmayıb, bu səbəbdən məhkəmə ona cəza təyin edərkən nəzərə alıb ki, elan olunacaq cəzanın müddəti 10 ildən artıq ola bilməz.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasın məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi A.Səlimovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ