RU
İnternet klubun qarşısında tanışını öldürən şəxsin şikayəti təmin edilmədi
22:24
557

İnternet klubun qarşısında tanışını öldürən şəxsin şikayəti təmin edilmədi

Qabil 6 bıçaq zərbəsi vurub.

Sumqayıt Apellyasiya Məhkəməsində Quba rayon sakini Qabil Əsədovun (1991-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il noyabrın 22-si Qabil Əsədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, şəhər sakini Eldar Babayevə (1991-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, onu ağır yaralayıb. Mərkəzi rayon xəstəxanasına çatdırılan cavan oğlan həkimlərin müdaxiləsinə baxmayaraq orada keçinib. Araşdırmaya başlayan RPŞ-nin əməkdaşları hadisə yerinin müayinəsini aparmaqla yanaşı, cinayətin kim tərəfindən törədilməsini aydınlaşdırıblar və şübhəli şəxsi yaşadığı evin qarşısında saxlayıblar.

Əsədov bıçağı polis əməkdaşlarına təqdim edib, dindirmə zamanı o, Eldar Babayevi qisas məqsədi ilə öldürdüyünü bildirib. Onun sözlərinə görə, hadisə internet klubun yaxınlığında baş verib. Bundan əvvəl onunla Eldar arasında klubun içərisində zarafat üstündə mübahisə başlayıb, çölə çıxdıqda Babayev ona yumruq və təpiklə xəsarətlər yetirdiyi üçün o, əsəbiləşərək yaxınlıqda yerləşən evlərinə qaçıb, bıçaq götürüb. Geri qayıdandan sonra Qabil dava zamanı gödəkçəsinin cibindən kəsici aləti çıxararaq tanışına 6 bıçaq zərbəsi vurub.

İlkin olaraq rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə prosesində Qabil Əsədov özünü qismən təqsirli hesab edərək, sadəcə olaraq Babayevi qorxutmaq məqsədi ilə evdən bıçaq götürdüyünü qeyd edib. O, Eldarla qonşu məhəllələrdə yaşadığını, sonuncunun fiziki cəhətdən ondan güclü olmasını və vaxtaşırı şit zarafatlar edərək, onunla mübahisə etdiyini bildirib. Hadisə günü, Əsədov bir neçə tanışı ilə kafedə oturub, yemək yeyərkən spirtli içki qəbul etdiyini deyib, axşam saat 17-ə yaxın Eldar mobil telefonuna zəng edib harada olması ilə maraqlanıb və sonra özü də həmin kafeyə gəlib. Bir neçə saatdan sonra kafedən çıxaraq, onlar daim yığışdıqları internet klubun qarşısına gəliblər.

Klubun içərisinə keçib, oynayanlara baxarkən Babayev onunla yersiz zarafatlar etməyə başlayıb, atmacalara cavab olaraq Əsədov bu zarafatlardan xoşu gəlmədiyini deyib. Eldar gödəkçəsindən tutaraq, onu küçəyə çıxarıb və onun ünvanına söyüşlər işlədərək sifətinə və qarın nahiyəsinə əl-ayaqla zərbələr endirib. Klubdan çıxan uşaqlar onları ayırarkən bir-birlərini ağır söyüşlərlə təhqir ediblər, sonra Qabil Eldarı cəzalandırmaq məqsədi ilə qaçıb, evdən valideynlərindən xəbərsiz bıçaq götürüb və geri qayıdıb. Eldarı vurmaqdan əvvəl ona əlində bıçaq olması haqda xəbərdarlıq edib, amma buna baxmayaraq sonuncu buna inanmayıb və yenə də ünvanına söyüşlər işlədib.

Belə olan təqdirdə, o bıçağı çıxararaq ilk zərbəni Babayevin döş qəfəsinə vurub, Eldar qışqırmağa başlayıb, Qabil daha bir neçə dəfə tanışını vuraraq, əlində bıçaqla oradan qaçıb. Bir müddət avtovağzal ərazisindəki kafedə oturub, sonra zəng vuran tanışlarından biri Qabilin ölməsi xəbərini verib. Evə qayıdanda onu həyətdə polis əməkdaşları saxlayaraq, şöbəyə gətiriblər.

Zərərçəkmişin hüquqi varisi ifadəsində göstərib ki, onun oğlunun ölümünü Qabil Əsədov əvvəlcədən planlaşdırıb, o məhkəmədən təqsirləndirilən şəxsə sərt cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Əsədov ittiham üzrə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsasında iş Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb və qərara əsasən onun şikayəti təmin edilməyib.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ