Bu barədə hakimiyyətdəki mənbədən daxil olan məlumatda qeyd olunur.
Daşkəsənin icra hakimi Əhəd Abıyev Samuxa, Samuxun rəhbəri Alı Qocayev isə Daşkəsənə icra başçısı təyin oluna bilər. Buna səbəb yerdəyişmə etməklə əhalinin narazılığını azaltmaqdır.
Son zamanlar Daşkəsəndən çoxsaylı şikayətlər ünvanlanır, prezidentə müraciətlər edilir. Son olaraq Daşkəsən icra hakimiyyəti önündə aksiya keçirən şəxsin döyülməsi və qəbula düşə bilməməsi yuxarı dairələrdə ciddi narazılıq doğurub.
Ə.Abıyevin fəaliyyətindən narahatlıq yuxarı dairələrin bu addımı atmağa sövq edib. Onun Samux rayonuna icra başçısı göndərilməsi məsləhət olunub.
Əslində, Samuxa bitişik balaca regiondur və Ə.Abıyevin təmsil olunduğu klanın kurasiyasındakı bölgədir. O baxımdan Ə.Abıyev yüngül cəzalanma ilə Samuxa göndərilə bilər.
Onun qəbula düşmək istəyən adamın RİH önündə keçirdiyi aksiyadan əlavə, Daşkəsən icra başçısının səhvən erməni bayrağı yerinə Kolumbiya bayrağını sındırması və məsələnin Latın Amerikası mətbuatına qədər gedib çıxması ölkə rəhbərliyinin xoşuna gəlməyib. Bütün bu səbəblər üst-üstə yığılaraq başçının Samuxa "sürgün” edilməsini şərtləndirib.
Samuxun icra başçısı Alı Qocayevdən bir o qədər də kütləvi narazılıq və şikayətlər olmur. Bununla belə, samuxlular da icra başçısından narazıdır.
Fermerlərin torpaqlarının adamları vasitəsilə zəbt edən icra başçısı özünə Qərb bölgəsində ən böyük fermer təsərrüfatı yaradıb.Bu təsərrüfat rayonun Poylu kəndində yerləşir.
Poylu kəndinin sakinləri də icra başçısının onların pay torpağını zəbt etməsinə etiraz olaraq aksiya keçirtmişdi. İcra başçısı Poyludakı təsərrüfatının yaxınlığında balıqçılıq gölü də inşa etdirib.
Alı Qocayev təbiət qoynunu sevdiyi üçün rayonda fəaliyyət göstərən Eldar Şamı Dövlət Təbiət Qoruğunda da ayda bir neçə dəfə baş çəkir. Alı Qocayev burda dovşan, kəklik və başqa quşlar ovlayır. Bu məlumatlar mətbuatda tirajlanıb.
Alı Qocayev büdcə təşkilatlarının əli ilə dövlətin külli miqdarda vəsaitlərini mənimsəyib. Bildirilir ki, icra başçısı hər bir büdcə təşkilatına gəlirinə görə "haqq” qoyub.
Samux rayonunda Alı Qocayevin dövlət vəsaitlərini «sildiyi» əsas büdcə təşkilatları isə Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Suvarma Sistemləri, Su Kanal, Qaz İstismar, Yol istismar və Maliyyə İdarələrinin olduğu qeyd olunur.//politika.az
7News.az








