İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda (Pakistan) danışıqların uğursuz nəticələnməsində Vaşinqtonu günahlandırıb.
Bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.
"Son 47 il ərzində ən yüksək səviyyədə aparılan intensiv danışıqlar zamanı İran müharibəyə son qoymaq üçün ABŞ ilə xoş niyyətlə əməkdaşlıq edib. İslamabad memorandumunun imzalanmasına çox az qalmışdı ki, biz amerikalı həmkarlarımızın maksimalizmi, oyun qaydalarının dəyişdirilməsi və sərtliyi ilə üzləşdik", - deyə diplomat bildirib.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı üzrə razılığa gələ bilməyiblər.
Pakistandakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens başçılıq edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub.
İran nümayəndə heyətinə isə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və Abbas Əraqçı başçılıq ediblər.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.








