"İrəli” İctimai Birliyi innovativ inkişafa və aktiv fəaliyyətə can atan gənclər üçün 25 mart – 25 aprel tarixlərini "Rəqəmsal Ay” elan edir.
Birlikdən bildirilib ki, qarşıdaki bir ay ərzində müxtəlif mövzularda onlayn formatda əyləncəli və öyrədici təlimlər, görüşlər, intellektual oyunlar və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu mövzulara təhsil, beynəlxalq layihələr, sahibkarlıq, psixologiya, gənclərlə iş, hüquq, texnologiya, mədəniyyət və incəsənət, marketinq və s. aiddir. Həmçinin bu ay çərçivəsində həmçinin müxtəlif ictimai şəxslərlə görüşlər də nəzərdə tutulub.
"Heç kəs kənarda qalmasın” prinsipinə əsaslanaraq həyata keçirilən "Rəqəmsal Ay”ın əsas məqsədi ölkə gəncliyinin, xüsusilə də, regionda yaşayan gənclərin onlayn resurslara əlçatanlığını təmin etmək, rəqəmsal alətlərdən düzgün istifadə vərdişləri formalaşdırmaq, o cümlədən peşəkar mütəxəssislər tərəfindən keçirilən görüşlərlə gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaqdır.
"Rəqəmsal Ay” çərçivəsində həmçinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tvitter aksiyası və tətil günlərində gəncləri kitab oxumağa təşviq etmək və bunu vərdiş halına gətirmək məqsədli "Tətildə Oxu” kampaniyasının həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Birlik artıq üçüncü ildir ki, "Rəqəmsal Ay” elan edir. Son iki il müddətində həyata keçirilən təlim və görüşlərdən ümumilikdə 600-dan çox gənc yararlanıb.








