"Xorvatiya prezidentinin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danışa bilərik. Nəticələr olduqca müsbət olub. Dünən çox gözəl müzakirələrimiz olub. İki tərəfli əlaqələr baxımından bütün mühüm məsələləri müzakirə etdik”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib. Onun sözlərinə görə, müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib:
"Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub”.
İlham Əliyev bildirib ki, iki ölkə arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsi gündəmdədir: "Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri var. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir. Forumda qarşılıqlı sərmayə qoyuluşu da nəzərdən qaçmamalıdır. Biz ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: "Regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir. Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: "Biz böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri ilə bağlı da müzakirələr aparıla bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələ var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə qoyuluşu və Azərbaycan şirkətlərinin Xorvatiyada layihələrdə iştirakı məsələləri də bizim üçün olduqca maraqlıdır.
Azərbaycan və Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Adriatik dənizində kəmərin inşası bizə imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olaq. İmkan yaranacaq ki, bu ölkələr də Azərbaycandan təbii qaz alaraq yeni mənbə əldə etsin. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trliyon kub/metrdir. Lakin Azərbaycanın təbii qaz ehtiyatları daha da artacaq. Çünki hələ də kəşfiyyat işləri aparılır. Biz ixracı şaxələndirmişik, bir neçə qaz kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Cənub Qaz Dəhlizinə 4 layihə daxildir, bu layihələrin hər biri icra mərhələsindədir. "Şahdəniz” dünyanın ən böyük qaz mənbələrindən biridir, orada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində 3 qaz kəməri inşa edilir. Sonuncu mərhələ Trans Adriatik Qaz kəməridir. Bu kəmər Xorvatiyanın yerləşdiyi regiona yaxındır. Həmin qaz kəmərinin həmin regiona uzadılması ilə məşğul ola bilərik. Bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, tezliklə artıq danışıqların fəal fazasına başlaya bilərik. Bu, təhlükəsizlik, enerji şaxələndirilməsi layihəsidir. Hər tərəf uduşda olacaq. Çünki biz
Avropa bazarına çıxış əldə edirik, avropalı istehlakçılar isə əlavə mənbələr əldə edir. Bilirik ki, Avropanın qaza tələbatı artır. Biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla bərabər, 5 il əvvəl Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalamışıq”.
Dövlət başçısı deyib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında danışıqlara başlayır: "Qaz kəmərinin tikintisi ilə Xorvatiya ilə strateji əməkdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu belə olacaq. Enerji Azərbaycanın Avropa təsisatları və Avropa İttifaqına üzv dövlətlərlə ilə əməkdaşlığında mühüm sahədir. Qonşu dövlətlərimiz də bu layihələrdə fəal iştirak edir".








