Abdullayev cinayəti aralarında etdikləri zarafat üstündə törədib.
Bakı Apellyasiya Məhkəməsində Goranboy rayon sakini Orxan Abdullayevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
2014-cü il oktyabrın 28-də Xətai rayon ərazisindən 3 saylı şəhər klinik xəstəxanasına kəsilmiş-deşilmiş xəsarətlərlə Bakı ş. sakinləri Elşad Kərimov (1989-cu il təv.), Ömər Cəbrayılzadə (1991-ci il təv.) və Anar Süleymanov (1990-cı il təv.) çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq E.Kərimov dünyasını dəyişib.
Həmin gün daxil olan məlumat əsasında Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Orxan Abdullayevi saxlayaraq, istintaqa təqdim ediblər.
İstintaqla müəyyən edilib ki, Məhsəti küçəsində fəaliyyət göstərən çörəkbişirmə sexinin qarşısında, oranın işçisi Orxan Abdullayev əvvəl Elşad Kərimovu, sonra isə onları aralamaq istəyən sexin müdiri Anar Süleymanovu və sürücü Ömər Cəbrayılzadəni bıçaqlayıb. Dindirmə zamanı Orxan Abdullayev bildirib ki, cinayəti aralarında etdikləri zarafat üstündə yaranan mübahisə zamanı törədib.
Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib, buna görə onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına çıxıblar. Elşad Kərimov qışqırmağa başladıqda Orxan üstündə gəzdirdiyi bıçaqla Elşadın qarın nahiyəsinə 1 zərbə endirib, sonuncu müqavimət göstərdikdə isə Abdullayev ona 3 bıçaq zərbəsi vurub.
Digər yoldaşları onu tutub arxaya çəkdikdə bıçaq əlindən yerə düşüb, amma buna baxmayaraq sakitləşməyən Orxan kəsici aləti yerdən götürərək Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla xəsarətlər yetirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, birinci instansiya hökmünü dəyişdirib, qərara əsasən təqsirləndirilən şəxsə 13 il azadlıqdan məhrumetmə cəzası təyin edilib./oxu
7news.az








