İraq təhlükəsizlik gücləri Mosulun cənubi-şərqində yerləşən bir neçə rayonda İŞİD terror qruplaşmasına qarşı yeni hücuma başlayıb.
7News.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin nümayəndələrinə istinadən "Reuters” agentliyi bildirib.
"Bizim hərbçilərimiz hücuma başlayıblar. Hücumun ilk on dəqiqəsi ərzində İŞİD terrorçuları 500 metr geri çəkilib. Onlar yalnız indi cavab atəşi açmağa başlayıblar”, - Daxili İşlər Nazirliyindən qeyd edilib.
Agentliyin məlumatına görə, hücumun başlandığı rayonlarda döyüş əməliyyatları bir aydır aparılmırdı.
Qeyd edək ki, İŞİD terror qruplaşması İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin yayında tutub. İraq təhlükəsizlik gücləri, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya, peşmərgə gücləri və şiə qüvvələri cari ilin oktyabrında şəhərinn azad edilməsi üçün əməliyyata başlayıb.








