İŞİD CHP lideri Kemal Kılıçdaroğluna sui-qəsd planlayıb.
7News.az xəbər verir ki, Türkiyənin rəsmi orqanları bununla bağlı CHP liderinə xəbərdarlıq ediblər.
Türkiyə Baş naziri Binəli Yıldırım ötən həftə gecə yarısı Kılıçdaroğluna zəng edərək, sui-qəsdin ola biləcəyini deyib. Daha sonra partiya sədrinə dövlət tərəfindən 4,5 ton ağırlığında zirehli avtomobil verilib.
"Hüriyyet” qəzetinin yazarı Abdulkadir Selvi İŞİD-in planlaşdırdığı sui-qəsdin detallarını yazıb.
Onun fikrincə, Kılıçdaroğluna qarşı hazırlanan sui-qəsd FETÖ-çü polis Mevlüt Mert Altıntaşın Rusiya səfiri Andrey Karlovu qətlə yetirməsi formasında deyil:
"Terror təşkilatlarının arxasındakı güclər hər təşkilata bir vəzifə verib. Dövlətin içinə sızan, "yatan hücrələrə” sahib olan FETÖ şəxslərə yönələn sui-qəsdləri yerinə yetirir. İŞİD isə kütləvi və maşın karvanlarına terror hücumlarını təşkil edir”.
A.Selvi qeyd edib ki, türk kəşfiyyatı İŞİD-in Türkiyədə rəsmi şəxslərə və siyasi liderlərə qarşı sui-qəsd hazırladığını öyrənib.
"Terror təşkilatı diqqət çəkməmək üçün Türkiyədə rəsmi şəxslər və siyasi liderlərin istifadə etdiyi avtomobillərin eynisini seçir. Maşın karvanı hərəkət edərkən bomba yüklü avtomobil yaxınlaşır və partlayır. Bu İŞİD-in üsuludur”, - deyə o bildirib.
Sui-qəsd təhlükəsinə görə MHP lideri Dövlət Baxçalıya da zirehli avtomobil verilib. Lakin MHP sədri bundan imtina edib.
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş da ötən həftə siyasi liderlərə qarşı sui-qəsd planlaşdırıldığını açıqlamışdı:
"Bununla bağlı çox ciddi kəşfiyyat məlumatları var. Xüsusilə, partiya liderləri üçün. Bağçalı və Kılıçdaroğluna qarşı sui-qəsdin həyata keçirildiyini düşünün, sui-qəsdin müvəffəqiyyətli olmasını bir kənara qoyun, Türkiyə siyasəti belə silkələnər. Ruslar ilə münasibətlərdə normallaşma olmasaydı, rus səfirin qətli ilə qiyamət qopardı”.
7News.az








