Bakıda Müqəddəs İmam Hüseyn hərəminin (MİHH) Azərbaycanda təşkil etdiyi mədəniyyət həftəsi bu gün davam edib. Mədəniyyət həftəsi çərçivəsində Bakı İslam universitetində «Qadının İslamda rolu» mövzusunda konfrans keçirilib.
Mərasim “Quran” tilavəti ilə açılıb. MİHH-nin Mədəni əlaqələr şöbəsinin üzvü Şeyx Mustafa Amili «Həzrəti Zeynəbin həyatına baxış» başlıqlı çıxışı ilə konfransı açıb.
Şeyx Mustafa çıxışından sonra Bakı İslam Universitetinin tələbələrinin suallarını cavablandırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi , fəlsəfə doktoru Rahil Nəcəfov isə məruzəsində İslam düşüncəsi və İslam fəlsəfəsi mövzusunu əhatə edib.
Fəlsəfə doktoru Şahin Yəhyayev in çıxışı isə İslamın terrorizmə yanaşmasına həsr olunub: «Terroristlər yalnız şiddət yolu ilə müvəffəqiyyət qazanacaqlarına inanırlar. Ətrafdakı insanların onlardan qorxmasını istəyirlər. İslamın bir terror dini olduğunu iddia edənlər öz fikirlərinin doğruluğunu isbat etmək üçün İslamdakı cihad və mürtəd anlayışlarını təhrif edirlər. Amma “Quran” və digər mötəbər mənbələrə əsaslandıqda İslamın zor gücü ilə yayılmasının qəbuledilməzliyi və terrora haqq qazandırılmadığının şahidi oluruq».
Konfransda həmçinin «Azərbaycan-İraq» mədəni əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmmədova, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də çıxış edib. Tədbirdə həmçinin Müqəddəs İmam Hüseyn hərəminin nümayəndələri Şeyx Mustafa əl-Qalibi, Müzhir əl- Həkim, Müslim Abbas iştirak edib.
Sabah Həzrəti Zəhra məscidi və Turizm və Menecment Universitetində tədbirlər davam edəcək.
7news.az








