RU
İsmayıllı icra başçısı kimlərə dəstək verir?
10:36
5421

İsmayıllı icra başçısı kimlərə dəstək verir?

Novruz Gülməmmədov İsmayıllının girəcəyində dəbdəbəli istirahət mərkəzi tikdirib

Mirdamət Sadıqovun açılış mərasimində iştirak edəcəyi və qırmızı lenti kəsəcəyi söylənilir

Rayon rəhbəri hələ də İsa Qəmbərin iqtidara gələcəyi xülyası ilə yaşayan şəxsə niyə bu qədər isti münasibət göstərir?

Müsavat partiyasının üzvü Novruz Gülməmmədovun qanunları pozması və vətəndaşların haqqını tapdalaması barədə ötən saylarımızda silsilə yazılar dərc etmişdik. Məsələdən xəbəri olmayanlar üçün qısaca vurğulamaq istəyirik ki, Rauf Əhmədov-Novruz Gülməmmədov cütlüyü hələ metro ticarəti fəaliyyət göstərdiyi zaman metronun “İnşaatçılar” stansiyasında yüzdən çox insana mağaza satıblar. Bunun müqabilində onların hər birindən külli miqdarda pul alıblar. Həmin ticarət köşkləri söküləndən sonra isə Rauf Əhmədov və Novruz Gülməmmədov ticarətçilərin üzünə çıxa bilməyiblər.

Beləliklə, iş ortaqları əksər hissəsini Qarabağ müharibəsi əlilləri və veteranlarının təşkil etdiyi sahibkarların külli miqdarda vəsaitini yox ediblər. Yuxarılara edilən çoxsaylı şikayətlərdən sonra qorxuya düşən dostlar həmin sahibkarlardan bir neçəsinin pulunu qaytarıblar. Ürəyi müxalifətlə, Müsavat partiyası ilə döyünən, İsa Qəmbərin nə vaxtsa hakimiyyətə gələcəyi xülyası ilə yaşayan Novruz Gülməmmədov barəsində heç bir cəza tədbiri görülmədiyi üçün biznes əlaqələrini daha da genişləndirməkdədir. Dünən özəl mənbələrdən aldığımız məlumatlara görə, paytaxtda bir sıra iri ticarət obyektlərinin sahibi olan müxalifətçi biznesini Bakıdan kənarda inkişaf etdirmək niyyətinə düşüb. Onun bu məqsədlə İsmayıllı rayonunun girəcəyində dəbdəbəli istirahət mərkəzi tikdirdiyi bildirilir: “Dövləti canından artıq sevən bəzi iş adamları İsmayıllıda rahat şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirlər. Rayon rəhbərliyi həmin insanları səbəbsiz yerə get-gələ salır və nəysə umur. Onlardan fərqli olaraq, İsa Qəmbərin ideyalarını dəstəkləyən və onun arxasınca gedən Novruz Gülməmmədov İsmayıllıda yeni biznes obyekti tikdirib. Deyilənə görə, bu işdə ona İsmayıllı Rayon İcra Hakimiyyətininin başçısı Mirdamət Sadıqov xeyir-dua verib, eyni zamanda yaxından köməklik göstərib. İstirahət mərkəzinin tikildiyi ərazini başçının özünün Müsavat partiyasının üzvünə məsləhət gördüyü bildirilir. Yerli qurumlardan heç biri tikintinin gedişatına maneçilik törətməyib. Hətta deyilənlərə görə icra başçısı deyib ki, obyektin açılış mərasimində özü iştirak edəcək və qırmızı lenti şəxsən kəsəcək. Rayon rəhbərinin müxalifət cəbhəsində təmsil olunan şəxsə nəyə görə bu qədər isti münasibət göstərməsi, münbit şərait yaratması çox müəmmalı məsələdir. Mirdamət müəllim hazırda iqtidarın çörəyini yeyir, dövlətin maaşını alır. Amma bu düşərgəni dəstəkləyən şəxsə dəstək verir.

Müxalifət düşərgəsinin üzvləri əllərinə keçən hər fürsətdə ölkəmizin xarici düşmənlərinin dəyirmanına su tökürlər. İcra başçısı İsmayıllıda baş verən məlum hadisələri deyəsən unudub. Həmin vaxt bəzi müxalifətçilər rayonda çaxnaşma yaratmağa, qarışıqlıq salmağa cəhd göstərdilər. Onların bu cəhdinin qarşısı uğurla alındı. İndi bəs nəyə görə rayon rəhbəri Müsavat partiyasının üzvünün, eyni zamanda qatı müxalifətçinin İsmayıllıda biznes qurmasına şərait yaradır?”. Məlumata görə, Novruz Gülməmmədov istirahət mərkəzini tikməklə İsmayıllıda və ətraf rayonlardakı müxalifətçilərin rahat toplaşıb bəzi müzakirələr apara bilməsi üçün əlverişli məkan yaradır: “Bu adam müxalifətin təşkilatlanması istiqamətində əlindən gələn hər şeyi edir. Onun nəyə görə məhz İsmayıllıda istirahət mərkəzi tikdirməsi də maraqlıdır”. Növbəti saylarımızda Novruz Gülməmmədovla Mirdamət Sadıqovun münasibəti haqda ətraflı məlumat verməyə çalışacağıq.

Qarşı tərəfləri də dinləyə bilərik.

P.S. Yazı çapa gedərkən Mirdamət Sadıqovla yenə də əlaqə yaratmağa cəhd göstərdik, amma cəhdlərimiz alınmadı./gundelik

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ