İsrail Türkiyə ilə siyasi münasibətlərinin pis olmasına baxmayaraq, bu ölkəyə qaz ixracı imkanlarını yenidən nəzərdən keçirir.
7news.az xəbər verir ki, bunu parlamentin iqtisadi komissiyasında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır:
“Biz bu məsələnin iki ölkə arasında münasibətlərin düzəlməsinə şərait yaradacağına ümid edirik. İsrail həmçinin Yunanıstan, İordaniya, Misir və Kiprə də qaz satmaqda maraqlıdır”.
Qeyd edək ki, Türkiyə-İsrail münasibətləri 2010-cu ildən bu yana pozulub. Buna əsas səbəb isə İsrailin Türkiyənin Fələstinə göndərdiyi yardım gəmisinə hücum etməsi olub.
İsrailin hazırda Aralıq dənizində istifadəyə verdiyi iki ən böyük qaz yatağı var. Bunlar “Tamar” və “Leviafan” yataqlarıdır. Bu yataqların işlədilməsini isə ABŞ-ın “Nobl Enerji” və İsrailin “Delek Qrup” şirkətləri həyata keçirir.
Türkiyə-Rusiya münasibətlərinin pozulmasından sonra Moskva “Türk axını” layihəsini dayandırdığını bəyan edib. Lakin Rusiya Türkiyəyə qaz nəqlini dayandırmayıb. Türkiyə tərəfi bu məsələnin iki ölkə arasında imzalanan müqavilə əsasında təmin ediləcəyini bildirib. Rusiyadan sonra Türkiyənin ən çox qaz aldığı ölkə olan İran isə Ankaraya qaz nəqlini qısa müddətlik 50%-ə endirib. Rəsmi Tehran buna əsas səbəb kimi ölkədə sərt şaxtaların olmasını göstərib.
Rusiyadan qaz asılılığını azaltmağı hədəfləyən Ankara hazırda İraq Kürd Muxtar Vilayəti ilə danışıqlarını intensivləşdirib. Kürdlərlə bərabər, Ankara Qətər və Nigeriya ilə danışıqlara başlayıb. Bundan əlavə, Ankara TANAP layihəsinin tezləşdirilməsinə çalışır.
7news.az








