İslam Konfransı Təşkilatı Gənclər Forumunun əməkdaşı, dünən İstanbulda özünü güllələyərək intihar edən Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğludur. Bu barədə müsavat.com xəbər verir.
Bildirilir ki, mərhum həm də təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağı olub. Mərhumun yaxınlarından biri adının çəkilməməsi şərti ilə bildirib ki, F. Əliyev XİN sistemində işləmirdi: "O, İstanbulda yaşayırdi və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik". Məlumata görə mərhumun cənazəsi artıq Bakıya gətirilib və Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.

Fəxrəddin Əliyev Türkiyədə həm də biznesmen kimi tanınıb. Türkiyədəki mənbələrdən məlum olub ki, o, azərbaycanlı iş adamları Dərnəyinin yaradıcılarından biridir. Bu struktur 2012-ci ildə təsis edlib. F.Əliyev “Farko” adlı şirkətə başçılıq edib. İnternet mənbələrinə əsasən İstanbulda yerləşən “Farko Boyama və Tekstik Sənaye Ticarət Limited Şirkəti” tekstil sənayesində parça boyama işləri ilə məşğul olur. Habelə turizm obyektlərinin inşası ilə məşğul olan “Farko Turizim İnşaat Sənaye Ticarət Limited Şirkəti” fəaliyyət göstərir.
Xatırladaq ki, İslam Konfransı Gənclər Forumunun baş katibi Azərbaycanın Dini İclamalarla iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri, Fətullah Gülən təriqətinə bağlı olduğuna görə bu vəzifədən uzaqlaşdırılan Elşad İsgəndərovdur. O, fövqəladə və səlahiyyətli səfir rütbəsini daşıyır. Ötən il mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov Dini İcmalarla iş üzrə Dövlət Komitəsinin sdri vəzifəsindən azad olunmuşdu. Vəzifəsindən azad olunandan bir neçə gün sonra o, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Baş Katibi təyin edilib. Daha sonra E.İsgəndərova ikinci vəzifə-Azərbaycan XİN-də idarə rəisi vəzifəsinin verildiyi haqda rəsmi agentliklər məlumat yayıb. İstanbulda baş vermiş intihar hadisəsi barədə Elşad İsgəndərovla əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.
7News.az








