RU
İstintaq nə qədər uzanacaq?
20:56
1470

İstintaq nə qədər uzanacaq?

Xəbər verdiyimiz kimi, “Beynəlxalq Bank işi” qalmaqalında keçən bir neçə iş adamının həbs müddəti Nərimanov Rayon Məhkəməsinin noyabrın 19-da verdiyi qərarla uzadılıb. Həbs olunanlar arasında Bankın Mərkəz filialının keçmiş direktoru İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov, “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və bankın Dubay filialının rəhbəri Adil Hüseynovun adları var.

 A.Hüseynovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a müsahibəsində iş üzrə əsas həbs edilməli şəxslərin istintaqdan kənarda qaldığını bildirib:

“6 ay ərzində heç bir istintaq aparılmayıbsa, əlavə etdikləri 3 ay ərzində nə edəcəklər? Bununla nəyə nail olmaq istəyirlər, bunu başa düşə bilmirəm. İşdə adı keçən təxminən 17-18 nəfər var ki, bu şəxslərlə bağlı indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib. Yalniz bir dəfə ilkin dindirilmə aparılıb. Adil Hüseynovun həbs müddətinin uzadılması barədə qərardan apelyasiya şikayəti verəcəyik. Bu artıq ikinci dəfə həbs-qətimkan tədbirinin müddətinin uzadılmasıdır. Bundan sonra yalnız Baş prokurorun təqdimatı ilə uzadıla bilər. Müdafiə etdiyim şəxsə - Adil Hüseynova qarşı 218 milyon manat ittiham irəli sürülüb. Bunu tamamilə əsassız hesab edirəm. Hüseynova verilən maddədə ona aid deyil. O, Beynəlxalq Bankın işçisi olaraq yalnız bank rəhbərliyinin göstərişlərini icra edib. Beynəlxalq Bankın rəhbərliyi Cahangir Hacıyev, Emil Mustafayev, Fuad İslamov və digərləridir. Onlarla bağlı bütün yazışmalar bizdə mövcüddür”

“İş üzrə saxlanılan şəxslərin həbs müddəti maksimum atırılacağı təqdirdə, onlar ittiham üzrə mənimsənilən məbləğləri geri qaytarmaları üçün zəmin yaranırmı?” sualına vəkil belə cavab verdi:

“Bu adamlar icraçılardır. Onlarda bu qədər pul haradandır? Maaşa işləyən adamda milyon haradandır? İllərlə saxlasınlar, onlar o pulları ödəyə bilməzlər. Belə başa düşürəm ki, o şəxsləri girov saxlayırlar ki, pulu mənimsəyənlər gətirib versinlər. Olmazdı ki, elə pulları, milyonları mənimsəyənlərin özlərini gətirib içəri salsınlar ki, onlar bu halda pulu daha tez qaytararlar”.

 

“Hazırda həbsdə olan şəxslər öz təşəbbüsləri ilə Beynəlxalq banka yaxınlaşıb bunca böyük məbləğlərə kredit ala bilərdilər?” sualına K.Nəsibov “Mümkün olan iş deyildi. Ümumiyyətlə, onları yaxın buraxmazdılar. Belə kəlləçarx məbləğləri sıravi vətəndaşlara verməzdilər. O pulları alanlar keçmiş deputatlar, nazirlərin yaxın adamları olub”-cavabını verib.

K.Nəsibov iş materiallarında Abxaziyaya, Əfqanıstana “Beynəlxalq Bank”dan böyük məbləğlərdə kreditlərin verilməsinə rast gəlmədiyini açıqlayıb:

“Mətbuatda bu haqda oxudum. Cinayət işinin materiallarında belə məqamlara rast gəlmədim. Belə məsələlər olubsa, hazırda azadlıqda olan, arvad-uşaqlarının əhatəsində olan şəxslərin əməli olub. Tutulanlar belə məbləğləri kredit şəkilində kimə isə verməsi mümkün deyildi. Bu gün Cahangir Hacıyevin azadlıqda qalmasının səbəbi mənə aydın deyil. Onun “Beynəlxalq bank”ın rəhbərləri barəsində qəti tədbirlər görülməli idi. Bu kreditlərin verilməsində bilavasitə rəhbər şəxslər onlar olub”.

K.Nəsibov deyir ki, hazırda həbsdə olan şəxslər izahatlarında kreditlərin verilməsinin onlardan asılı məsələ olmadığını və belə kreditlərin verilməsinə razılıq verən şəxslərin adlarını açıq-aydın yazıblar:

“Adil Hüseynov izahatında ətraflı yazıb ki, kreditlər hansı formada verilib, təyinatına uyğun verilməsi forması haqda yazıb. Hələ may ayında verdiyi izahatında bunları ətraflı yazıb. Belə bir halda onun həbsdə olması sadəcə qanunsuzluqdur. Buna qədər belə fikirlər vardı ki, Eldar Mahmudov Cahangir Hacıyevlə qudadır, ona görə onu tutmurlar. 1 aydır ki, Eldar Mahmudov vəzifədə deyil. Belə başa düşürəm ki, Cahangir Hacıyevi azadlıqda saxlamaqla o pulları qaytarmağa nail olmaq istəyirlər”.

Qeyd edək ki, Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 218 milyon dolları mənimsəməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

"Beynəlxalq Bank işi"nə görə çoxsaylı biznesmenlər bu ilin may ayında həbs edilib. Onların arasında neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov və digərləri vardı. Saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılmışdı. Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və onlardan bir çoxu barəsində həbs qətimkan tədbiri seçilib./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ