Sentyabrın 3-də Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında doğuş zamanı baş verən uşaq ölümü barədə xəbər vermişdik.
Jurnalist Həsən Babayev körpəsinin həkim məsuliyyətsizliyi ucbatından öldüyünü idda edirdi. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı mətbuata verilən açıqlamada qeyd olunurdu ki, uşaq ölümü faktı Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Hazırda məsələ araşdırılır, hadisə haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
H.Babayev Arqument.az-a açıqlamasında körpəsinin ölümü ilə bağlı ölkə başçısına və millət vəkili Mehriban Əliyavaya rəsmi müraciət ünvanladığını bildirib: "M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Pataloji Hamiləlik şöbəsinin müdiri Z.Abbasovanın və adıgedən xəstəxananın "Şüa-Diaqnostika” şöbəsinin müdiri Fəridə Orucovanın məsuliyyətsizliyi və insan həyatına etinasız yanaşmaları körpənin ölməsinə səbəb olduğu üçün bu insanların cəzalandırılması ilə bağlı Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Səhiyyə nazirinə rəsmi şikayət ünvanladım. Bu hadisəni nəzarətlərinə götürmələrini və günahkarların cəzalandırmaları üçün göstəriş vermələrini xahiş etdim”.
Jurnalist qeyd edib ki, dövlət xəstəxanasında vəziyyət çox acınacaqlıdır: "Mən bu məsələyə təkcə özümün yox eyni zamanda cəmiyyətimizin çox ciddi problemi kimi yanaşıram. Niyə bu xəstəxanada çalışan həkimlərin məsuliyyətislziyi ucbatından övladlarımız dünyaya göz açmadan məhv edilməlidir? Niyə bu qədər insan həyatanına belə etinasız yanaşırlar? İnanıram ki, ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etməyimin müsbət bir nəticəsi olacaq və məsuliyyətsiz həkimlər cəzalandırılacaq”.
Jurnalist məsələni ictimailəşdirdikdən sonra qohumlarına təzyiq edilmıəsi məsələsinə də aydınlıq gətirib: "Rəsmi məlumat yayıldıqdan sonra mən hadisənin detalları barədə mətbuata açıqlama verdim. Həkimlərin ananın və körpənin həyatına məsuliyyətsiz yanaşdıqlarını qeyd etdim. Bundan sonra Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir müəllim qohumlarımı yanına çağıraraq yazıları saytlardan yığışdırmağım üçün onlara təzyiqlər edib. Bunu da ictimailəşdirən sonra hələ ki, hər hansı bir problem yoxdur”.
Qeyd edək ki, Günel Babayeva (jurnalist Həsən Babayevin həyat yoldaşı) sentyabrın 3-də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Pataloji Hamiləlik şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Körpə əməliyyatdan sonra dünyasını dəyişib. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin mütəxəssisləri tərəfindən araşdırılır.








